ABŞ Dövlət Departamenti Xədicə İsmayıla çıxarılan hökmdən təəssüf hissi keçirdi

“Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik”

Source:


“Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik”

ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Dövlət Departamentindən “Amerikanın Səsi”nə göndərilən bəyanatda deyilir ki, ABŞ məhkəmənin Xədicə İsmayılla bağlı bugünkü qərarından dərin təəssüf hissi keçirir.

“Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınmasını və insan haqlarının məhdudlaşdırılmasına dair başqa bir misaldır.  Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, kütləvi medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Biz Azərbaycan hökumətini xanım İsmayıla və fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqalarının azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik”.

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayıla hökm oxunub. Hökmə əsasən, X. İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

ABŞ-la yanaşı, məhkəmənin bu qərarını Böyük Britaniya hökuməti və bir çox beynəlxalq təşkilat sərt tənqid edib. Onlar Azərbaycan hökumətini Xədicə İsmayılı dərhal azadlığa buraxmağa çağırıb.

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti Xədicə İsmayıla çıxarılan hökmdən təəssüf hissi keçirdi