ABŞ Dövlət Departamenti: Hakimiyyəti Əfqan Muxtarlını azad etməyə çağırırıq

”Cənab Muxtarlı xəbər verildiyi kimi Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda siyasi motivli hesab edilən ittihamlarla həbs edilb”

Source:
Dövlət Departamentinin sözçüsü Hether Nauert
Dövlət Departamentinin sözçüsü Hether Nauert


”Cənab Muxtarlı xəbər verildiyi kimi Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda siyasi motivli hesab edilən ittihamlarla həbs edillb”

Amerika Birləşmiş Ştatlar yanvarın 12-də jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsindən narahatlıq keçirdiyini bəyan edib və Azərbaycan hökumətini onu azad etməyə çağırıb.

Dövlət Departamentinin sözçüsü Hether Nauertin Əfqan Muxtarlının həbsə məhkum edilməsi ilə bağlı açıqladığı bəyanatda belə deyilir.

Məlumatı Amerikanın səsi

yayıb.

“Birləşmiş Ştatlar azərbaycanlı jurnalist Əfqan Muxtarlının altı il müddətinə azadlıqdan məhrum edilməsini narahatlıqla qarşılayır. Cənab Muxtarlı xəbər verildiyi kimi mayın 30-da Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda siyasi motivli hesab edilən qaçaqmalçılıq və bununla bağlı digər ittihamlarla həbs edilb. Biz Azərbaycan hökumətini cənab Muxtarlı və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş digər şəxsləri azad etməyə çağırırıq. Biz məlumat verildiyi kimi qaçırılma işi ilə bağlı Gürcüstanın təhqiqatını diqqətlə izləyirik və işin tam, şəffaf və vaxtında aparılmalı olduğu çağırışını bir daha təkrar edirik”, deyə Dövlət Departamentinin sözçüsü Hether Nauert bildirib.

Müsavat
Müsavat

Müsavat Partiyası yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini tələb edib.

Partiyanın bəyanatında deyilir ki, Əfqan Muxtarlıya qarşı ittihamların rəsmi versiyası – sərhədi qanunsuz keçmə və sərhəddə bəyan edilməmiş 10 min avro – əsassızdır və nə beynəlxalq ictimaiyyət, nə də Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir.

“Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və qanunsuz şəkildə Azərbaycan göndərilib. Bu, onun Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını iflasına yönəlmiş jurnalist fəaliyyətinin qarşısının alınmasına yönəlib” – bəyanatda vurğulanır.

Harlem Dezir
Harlem Dezir

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir də Əfqan Muxtarlının həbsini pisləyib.

“Araşdırmaçı-jurnalistə qarşı uydurma ittihamlara əsaslanan hökm azad KİV-ə açıq-aşkar hücumdur. Ümid edirəm ki, bu hökm apelyasiya əsasında ləğv ediləcək”, deyə Dezir bildirib. O, artıq hakimiyyəti Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə və onun ifadə azadlığı hüququna hörmət etməyə çağırmışdı.

Dezir xatırladıb ki, Gürcüstan hakimiyyətinin araşdırması hələ başa çatmayıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin fikirlərinə reaksiya verib.

Əli Həsənov AZƏRTAC-a

deyib ki

, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır.

Əli Həsənov bildirib ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.

Əli Həsənov
Əli Həsənov

“Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir”,-Həsənov belə deyib.

Prezidentin köməkçisi inkişaf etmiş Avropa ölkələrində də jurnalistlərə qarşı dözülməz halların baş verdiyini söyləyib:

“Onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər. Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

1974-cü il doğumlu jurnalist Əfqan Muxtarlı yanvarın 12-də Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum

edilib

.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti: Hakimiyyəti Əfqan Muxtarlını azad etməyə çağırırıq