”Təcili tədbirlər görülməlidir”
İyunun 21-də ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bəyanat verib.
O, Birləşmiş Ştatların son günlər Azərbaycan və Ermənistan qüvvələri arasındakı Təmas Xətti boyunca atəşkəsin pozulmaslından və bunun nəticəsində çoxsaylı itkilərin baş verməsindən dərin narahatlıq keçirdiyini bildirib.
Bəyanatda deyilir ki, Vaşinqton, tərəfləri eskalasiyadan çəkinməyə, Təmas Xətti, habelə Ermənistan və Azərbaycanın beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün təcili tədbirlər görməlidir.
Bundan əvvəl, iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri xoş məram və siyasi iradə ilə danışıqları mahiyyəti üzrə bərpa etməyə çağırmışdılar.
Onlar bildirmişdilər ki, danışıqlar regionda davamlı sülhün bərqərar edilməsi üçün yeganə yoldur.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Birləşmiş Ştatlar tərəflərlə intensiv əlaqələrini saxlayır.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktına uyğun, o cümlədən zorakılıqdan imtina edilməsi, ərazi bütövlüyü və öz müqəddaratını müəyyən etmə prinsipləri əsasında həllinə inanır”, – deyə bəyanatda bildirilir.