Marko Rubio həmçinin siyasi məhbuslar və insan hüquqları ilə bağlı məsələlərə də toxunub
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-nin regiondakı əsas hədəfi Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olmaqdır.
O, bunu ABŞ Nümayəndələr Palatasının dinləmələri zamanı konqresmen Kristofer Smitin sualına cavabında deyib.
2025-ci il mayın 21-də ABŞ Nümayəndələr Palatasının dinləmələri zamanı konqresmen Kristofer Smit Dövlət katibi Marko Rubiodan Azərbaycandakı erməni məhbusların azad olunması üçün dərhal tədbirlər görməyi tələb edib.
Konqresmen çıxışında “Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə qarşı soyqırımı törətdiyi açıq görünür və bunun nəticəsində çoxlu sayda insan əsir və siyasi məhbus kimi saxlanılır”, – deyib.
Marko Rubio cavabında bildirib ki, ABŞ-nin regiondakı əsas hədəfi Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olmaqdır.
“Azərbaycanla bağlı bizim başlıca məqsədimiz sülhün bərpasıdır. İki ölkə arasında münaqişə riski realdır və biz bu qarşıdurmanın qarşısını almaq üçün çalışırıq. Komandalarımız aktiv şəkildə prosesə cəlb olunub”.
Marko Rubio həmçinin siyasi məhbuslar və insan hüquqları ilə bağlı məsələlərə də toxunub. O bildirib ki, bu kimi məsələlər ABŞ üçün prioritet olaraq qalır və bu istiqamətdə ölkəsinin Bakıdakı səfirliyi vasitəsilə işlər aparılır:
“Biz müəyyən rejimlərlə razılaşmaya bilərik və dəyişiklik arzulaya bilərik. Amma çox zaman ideal olmayan idarəetmələrlə işləməyə məcbur oluruq. Burada əsas məsələ həm ABŞ-nin milli maraqları, həm də insan hüquqları arasında balansı qorumaqdır”.
Rubio çıxışının sonunda vurğulayıb ki, Azərbaycan ABŞ üçün sülh təşəbbüsləri çərçivəsində əməkdaşlıq üçün imkanlar yaradır:
“Azərbaycanla bu çərçivədə işləmək bizə diplomatiya və insan hüquqları arasında tarazlığı qorumağa imkan verir”.
Ermənistan-Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
Uzunmüddətli atəşkəsdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə deyib ki, Qarabağ problemi tamamilə həll olunub, münaqişə sona çatıb.
Lokal əməliyyatlardan sonra “Dağlıq Qarabağ”ın liderləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan, David Babayan, David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digrələri həbs olunaraq Bakıya gətirilib.
Hazırda onların məhkəmə prosesi davam edir.
Ermənistanla Azərbaycan 2025-ci ilin martında sülh sazişinin mətni üzərində razılığa gəlsələr də, Azərbaycanın qarşı tərəfdən Konstitusiyanın dəyişdirilməsi və Minsk qrupundan çıxmaq kimi tələbləri olduğuna görə saziş hələ imzalanmayıb.