“Biz Azərbaycan hökumətindən bu mesajı ciddi qəbul etməsini gözləyirik”
“Azərbaycanlı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və müxalif fiqurların həbslərinin davam etməsi dərin narahatlıq doğurur”.
ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlunun suallarına cavabında belə deyib.
Daha sonra Birləşmiş Ştatların vitse-prezidenti JD Vansa istinad edən departament sözçüsü fikrinə belə davam edib:
“Vitse Prezident Vansın da vurğuladığı kimi, ‘biz ifadə azadlığını dəstəkləməli, senzuranı durdurmalı və müxalifətin təqibini rədd etməliyik. Və biz Azərbaycan hökumətindən bu mesajı ciddi qəbul etməsini gözləyirik”, – deyə Departamentin adının çəkilməsini istəməyən rəsmisi fikrini yekunlaşdırıb.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.