”ABŞ dəyərlərinə sadiq olduğunu göstərməlidir”

Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilir

Source:


Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilir

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirir.

Mayın 9-da keçirilən toplantıda Meydan TV-nin direktoru Emin Milli də iştirak edib. Meydan TV-nin “Facebook” səhifəsindən dinləmələr canlı yayımlanıb.

İnsan haqlarını repressiya edən dövlətlər Qərb üçün yaxşı tərəfdaş deyillər

Toplantıda Helskinki Komissiyasının siyasi müşaviri Everett Price bildirib ki, Azərbaycan hökumətinin fəaliyyəti ciddi narahatlıq doğurur:

“2015-ci ildə konqsmen Chris Smtih demokratiya aktını təqdim edib. Buna baxmayaraq, İlham Əliyev 2016-cı ildə referendum keçirib, öz səlahiyyətlərini genişləndirib və xanımını vitse-prezident təyin edib. 2017-ci ildə vəziyyət daha pisləşib. Bütün müstəqil media bloklanıb, müstəqil jurnalistlərin ölkədən çıxışı məhdudlaşdırılıb”.

ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadt “Audrey L. Altstadt) isə deyib ki, Azərbaycan getdikcə demokratiyadan uzaqlaşır.

İlham Əliyevin hakimiyyəti dövründə, bu, daha da bariz görünür.

Alim bildirib ki, seçkilərdə əsas müxalifət uzaqlaşdırılıb, nəzarət artırılıb.

O bildirib ki, ölkədə turizm, tikinti vasitəsilə varlananlar olsa da, hələ də çox sayda köçkün və yoxsullar var.

“21-ci əsrdə də insan haqlarını repressiya edən dövlətlər Qərb üçün yaxşı tərəfdaş deyillər, çünki etibarlı deyillər”, – Odri Alştadt vurğulayıb.

Odri Alştadt Azərbaycan müxalifətinin hazırkı vəziyyətindən söz açıb.

O deyib ki, müxalif siyasi partiyaların arasında ReAl xüsusilə seçilir, çünki onun üzvlərinin əksəriyyəti 40 yaşından cavan olanlardır.

Eyni zamanda bildirib ki, başqa müxalifət partiyaları yaşlılardan ibarətdir və onların prosesdə iştirak üçün resursları yoxdur:

“Belə görürəm onlar uzun illərdir ki, mübarizədədirlər və irəli çıxmağa heç bir şansları olmayıb”.

Biz illüziyaya qapılmadıq

“Freedom Now” təşkilatının icraçı direktoru Maran Turner bildirib ki, 2015-16 illərdə bəzi ümidlər yaranmışdı, çünki bəzi siyasi məhbuslar azadlığa buraxılmışdı:

“Amma biz illüziyaya qapılmadıq. Hazırda 140-160 siyasi məhbus var. Bunlar siyasətçilər, jurnalistlər və başqalarıdır. Bir çoxu ölkəni tərk edib. Qərbə gəliblər, bəziləri fəaliyyətlərini Qərbdə davam etdirir, onların ailələrinə təzyiqlər edilir”.

Maran Turner daha sonra deyib:

“Mən xüsusi olaraq İlqar Məmmədov haqqında danışmaq istəyirəm. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014 və sonrakı illərdə onun həbsinə böyük beynəlxalq maraq olub, amma barəsində Avropa İnsan Haqları Məhkəməsinin hökmü olsa da, o, azad edilməyib”.

Bundan sonra Turner din azadlığı məsələsinə toxunub.

O deyib ki, “Müsəlman Hərəkatı” Birliyinin üzvləri hökuməti tənqid etdiklərinə görə həbs olunublar və işgəncələrə məruz qalıblar.

Turner öz çıxışında jurnalist Əfqan Muxtarlı ilə bağlı məsələdən də söz açıb:

“Gürcülər deyirlər ki, Azərbaycan hökuməti onlara Əfqanın özü ilə danışmaq imkanı vermir”.

Maran Turner düşünür ki, insan haqlarını pozanların – polis, məmur və hüquq-mühafizə orqanı nümayəndələrinin adlarını çəkib rüsvay etmək lazımdır.

Susdurulmuş adamların adından danışmaq istəyirəm

Meydan TV saytının direktoru Emin Milli çıxışında deyib ki, o, bir media meneceri yox, Azərbaycan vətəndaşı kimi danışmaq istəyir:

“Mən İlqar Məmmədovun, Qiyas və Bayramın, Orduxanın saxlanılan 2 yaşlı qohumunun adından danışmaq istəyirəm. İlkin Rüstəmzadənin adından danışmaq istəyirəm və milyonlarla susdurulmuş və danışa bilməyən adamların adından danışmaq istəyirəm”.

Emin Milli deyib ki, o, bütün bu qanunsuzluqlara görə İlham Əliyevi və onun hökumətini günahlandırır. O, İlham Əliyevə qarşı sanksiyalar tətbiq edilməsini istəyib.

O, Avropa İttifaqına müraciətlə belə bir ölkə başçısının tərəfdaş adlandırılmasına təəccübləndiyini deyib.

Emin Millinin fikrincə, Azərbaycanın dövlət təbliğatı eynilə Kreml təbliğatını təkrarlayır:

“ABŞ hökuməti ciddi addımlar atmalı və dünyaya göstərməlidir ki, ABŞ dəyərlərinə sadiqdir, demokratiya onun üçün mühümdür. Əks halda, sizin öz ölkənizdə də belə problemlər yaranacaq”.

Emin Milli daha sonra bildirib:

“Sual edirəm, niyə adamların Orduxana, Meydan TV -yə ehtiyacları yaranıb? Çünki onlar doğrunu, korrupsiyanı yazırlar. Bir videoya 1,5 milyon adam baxır. Məncə, prezident Əliyev özü də bu videolara baxır. Azərbaycan vakuumda yaşamır, daxildə və xaricdə mübarizə davam edir. Milyonlarla kədərli adam küçələrə çıxacağı günü gözləyir”.


Tərcümə Azadlıq Radiosunundur

Ana səhifəXəbərlər”ABŞ dəyərlərinə sadiq olduğunu göstərməlidir”