Yardımın Müstəqillik Günündə elan edilməsi gözlənilir
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya daha 3 milyard dollar məbləğində təhlükəsizlik paketi yardımı ayıra bilər.
Bu paketin indiyədək Vaşinqtondan Kiyevə ən böyük məbləğdə yardım tranşı olacağı bildirilir.
Bu barədə danışan ABŞ rəsmisinin sözlərinə görə, yardımın Ukraynanın Müstəqilliyi Günündə elan edilməsi gözlənilir.
Yardım paketinin Ukraynaya Təhlükəsizlik Dəstəyi Təşəbbüsü (USAI) xətti ilə veriləcəyi qeyd edilir.
ABŞ Konqresi tərəfindən qəbul olunmuş bu təşəbbüs Bayden administrasiyasına Ukrayna üçün silahları ABŞ cəbbəxanasından yox, silah istehsalçılarından almaq imkanı verir.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi “Reuters”ə deyib ki, indiki yardım paketinə Ukraynaya bundan əvvəl verilən silahlardan başqa heç bir yeni silah daxil edilməyib.
O əlavə edib ki, bu paketə ortamüddətli müdafiə sistemlərindən daha çox silah və sursat salınıb.
Sayt yazır ki, USAI xətti ilə verilən silahların Avropaya gəlib çıxması aylarla çəkə bilər, çünki əvvəlcə istehsalçı şirkətlərin onları hazırlaması lazımdır.
ABŞ rəsmisi qeyd edib ki, silahların sayı və çeşidi paketin rəsmən elan olunmasınadək dəyişə bilər.
ABŞ fevralın 24-dən bu yana, yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Ukraynaya 10.6 milyard dollarlıq hərbi yardım edib.
Üstəlik, Almaniya da Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir.
Mənbə bildirib ki, Berlin Kiyevə 2023-cü ildə ümumi dəyəri 500 milyon dollar olan havadan müdafiə sistemləri, raket qurğuları, dəqiq vuran sursat verməlidir.
Rusiya hazırda Ukraynanın şərqindəki Donbas rayonuna nəzarəti tam ələ almağa çalışır.
Eyni zamanda, Qərbin Ukraynaya verdiyi müasir silahlar Rusiya qüvvələrinin qarşısını tam almasa da, onların hücumlarını xeyli yavaşladıb.
Ukrayna Moskvanı imperiyasayağı müharibə aparmaqda və Rusiyanın Sovet İttifaqı dövründəki hegemonluğunu qaytarmaq cəhdində ittiham edir.
Bu gün Ukraynanın müstəqilliyi günüdür.
ABŞ kəşfiyyatı avqustun 24-də Rusiyanın Ukraynaya ağır zərbələr endirə biləcəyini açıqlayıb.
Avqustun 23-də Kiyevdəki Amerika səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarına bu ölkəni tərk etmək tövsiyəsi verib.