Oktyabrın 8-də Amerika Birləşmiş Ştatları Türkiyədən edilən viza müraciətlərini müddətsiz olaraq dayandırıb.
Məlumatı ABŞ-ın Türkiyə səfirliyi öz “Facebook” səhifəsində paylaşıb. Açıqlamada bildirilib ki, qeyri-miqrasiya məqsədli viza müraciətləri dayandırılıb.
Türkiyə mətbuatı bu addımı ölkənin diplomatiya tarixində ilk hadisə kimi dəyərləndirir.
Səfirlik buna səbəb kimi “işci heyətinin təhlükəsizliyini” göstərib.
Açıqlamada deyilir ki, son zamanlar yaşanan hadisələr Amerika hökumətini diplomatik missiyanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən dəyərləndirmək məcburiyyətində qoyub. O səbəbdən də səfirliyə və konsulluğa gələn ziyarətçi sayını ən aza endirmək üçün ABŞ bu addımı atır.
“Qeyri miqrasiya viza xidmətləri”-nə daxildir:
Qeyri-miqrasiya məqsədli viza xidmətləri; ABŞ-a turist kimi, iş, keçici iş, təhsil və ya tibbi müayinə səbəbilə getmək istəyənlərə verilən viza xidmətləri.
Açıqlamanın ardınca Türkiyənin Vaşinqtondakı səfirliyi də Amerika vətəndaşlarına sərhəddə və e-viza vasitəsilə vizaların verilməsini dayandırdıqlarını bəyan etdi.