Kortni Ostrian: "ATƏT Qafqazda sülh, sabitlik və inkişafın möhkəmlənməsinə şərait yarada bilər"
"ABŞ Azərbaycanı və Ermənistanı “mümkün qədər tez” qeyd-şərtsiz Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə konkret danışıqlara qayıtmağa çağırır. ABŞ hesab edir ki, ATƏT bütün Qafqaz regionunda sülh, sabitlik və inkişafın möhkəmlənməsinə şərait yarada bilər".
Bu fikirlər ATƏT Daimi Şurası yanında ABŞ-ın işlər vəkili Kortni Ostrian mayın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun müraciətinə cavabında əks olunub.
Kortni Ostrian bildirib ki, Vaşinqton münaqişənin uzunmüddətli siyasi nizamlanması haqqında danışıqlar aparmaqda tərəflərə kömək etməyə çalışır: "Ermənistan-Azərbaycan sərhədində son hadisələr bütün həll edilməmiş problemlərin həllini əhatə edən, Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına gətirib çıxara biləcək hərtərəfli sazişin əhəmiyyətini göstərir".
“Biz Ermənistanı və Azərbaycanı həmsədrlərin təkliflərinə baxmaq və tərəflərin prioritetlərini əks etdirən strukturlu gündəlik üzrə birgə qərarlar qəbul etmək üçün mümkün qədər tez həmsədrlərlə əməkdaşlığa çağırırıq”, – deyə o qeyd edib.
Cavab bəyanatında Kortni Ostrian bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qısa zamanda qaytarılması; döyüş zonasının minalardan effektiv şəkildə təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa girişinə olan məhdudiyyətlərin aradan qaldırılması yolu ilə atəşkəs rejimini möhkəmləndirməyə çağırır: “Hər iki tərəfi gərginlik və ya hərbi ritorika ilə ədavət salmaqdan yayınmağa və təxmin olunan insan hüquqları pozuntularını və ya beynəlxalq humanitar hüquq pozuntularını araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu tədbirlər sabitliyin, ədalət və məsuliyyətin ayrılmaz hissəsidir".
İşlər vəkili Vaşinqtonun həmçinin Bakını “mübahisəli” ərazilərdən çıxmağa çağırdığını vurğulayıb: “Mübahisəli ərazilərdə hərbi yerdəyişmələr həddindən artıq təxribat xarakteri daşıyır. Biz Azərbaycandan bütün qüvvələrin çıxarılmasını gözləyirik və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədlərinin demarkasiyası barədə danışıqlara başlamağa çağırırıq".
Mayın 25-də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış
edib
.
Nazir Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğuladı.
Azərbaycan Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb.
44 günlük müharibədə Azərbaycan işğal altında olan rayonlarının 7-ni azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında müharibənin bitməsi ilə bağlı razılaşma imzalanıb.
Razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.