ABŞ-dan Azərbaycan səfirliyinin avtomobilinə hücumla bağlı açıqlama

Ned Prays. Foto: Amerikanın səsi

“Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb”

“ABŞ zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir”.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması barədə “Turan”ın sorğusuna cavab verərkən belə deyib.

Prays bildirib ki, ona bu barədə məlumat oktyabrın 11-də verilib.

“Dedilər ki, insident baş verib. İstintaq davam etdiyi üçün bu işin təfərrüatları barədə danışa bilmərəm. Əlavə məlumat almaq üçün sorğunuz daha çox ABŞ Məxfi Xidmətinə və paytaxt Polis İdarəsinə göndərilib”, – Prays deyib.

Onun sözlərinə görə, artıq Azərbaycandakı rəsmi şəxslərlə də əlaqə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 12-də məlumat yayaraq bildirib ki, Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobili atəşə məruz qalıb.

XİN qeyd edib ki, hadisə ilə bağlı ABŞ-ın müvafiq qurumlarına məlumat verilib, eyni zamanda, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.

“Xarici ölkələrdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəlikdir. Buna görə baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərin, eləcə də diplomatların təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq”, – deyə nazirlik qeyd edib.

Daha öncə, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olmuşdu.

O zaman Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, səfirlik bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Bildirilirdi ki, həmin qrup səfirliyin binasına daxil olaraq eyvanda dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər:

“Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb”.

XİN yaydığı məlumatda ötəndəfəki hücumların istənilən şəkildə araşdırılmadığını da qeyd edib.

Prays həmçinin əlavə edib ki, Azərbaycan səfirliyinin rəsmi şəxslərilə əlaqə saxlayır və mütəmadi olaraq həm təhdidlər, həm də təhlükəsizlik barədə tövsiyələrə dair məlumatı paylaşırlar.

“Birləşmiş Ştatlar “xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmasına sadiqdir. Başa düşdüyümüz qədərilə, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb”, – o, fikrini yekunlaşdırıb.

Ana səhifəSiyasətABŞ-dan Azərbaycan səfirliyinin avtomobilinə hücumla bağlı açıqlama