ABŞ-da Xədicə İsmayılla bağlı dinləmələr keçiriləcək

Xədicə İsmayıl Azərbaycan hökumətindəki korrupsiyadan yazdığına görə cəzalandırılıb

Source:


Xədicə İsmayıl Azərbaycan hökumətindəki korrupsiyadan yazdığına görə cəzalandırılıb

ABŞ-ın Helsinki Komissiyası (Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası) Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı dinləmələr keçirəcək.

Dinləmələr dekabrın 16-na təyin edilib.

Bu barədə “Azadlıq” qəzeti xəbər yayıb.

Məlumatda deyilir: “Azərbaycan hakimiyyəti Xədicə İsmayılı 2014-cü ilin dekabrında saxta ittihamlarla həbs edib və bundan sonra ABŞ-ın maliyyələşdiridiyi Azad Avropa və AzadlıqRadiosunun ofisinə reyd edilib. Uzun məhkəmə prosesindən sonra jurnalist bu ilin sentyabrında 7 il yarım azadlıqdan məhrum edilib. Onun şikayəti noyabrın 25-də rədd edilib və Azadlıq Radiosunun Bakı bürosu hakimiyyət tərəfindən hələ də bağlı qalır.

Helsinki Komissiyasının sədri Chris Smith hələ hökm çxarılarkən bildirib ki, Xədicə İsmayıl Azərbaycan hökumətindəki korrupsiyadan yazdığına görə cəzalandırılıb. Onun ötən ilin dekabrda həbsi və bunun ardınca Azadlıq Radiosunun Bakı Bürosunun bağlanması media azadlığına birbaşa hücumdur” – deyə məlumatda bildirilir.

Dinləmələrdə Xədicə İsmayıla qarşı məhkəmə prosesi, eləcə də həm onun azad edilməsi, həm də Bakı Bürosunun açılması üçün ABŞ hökumətinin bütün mümkün imkanlara əl atıb-atmaması araşdırılacaq.

Xədicə İsmayıl Cinayət mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Yurnalist İsmayıl ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

“Amnesty International” Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə vicdan məhbusu olmadığını deyir.

Helsinki Komissiyası ABŞ-ın dövlət qurumudur. Müstəqil qurumdur. Onu 1975-ci ildə ABŞ Konqresi yaradıb. Amerika Nümayəndələr Palatasının və müxtəlif nazirliklərin nümayəndələrindən formalaşdırılır.

Ana səhifəXəbərlərABŞ-da Xədicə İsmayılla bağlı dinləmələr keçiriləcək