ABŞ-dən Gürcüstandakı vəziyyətə: “İvanişvili təsəvvürünə belə gətirmədiyi reaksiya gözləməlidir”

Миллиардер и основатель партии “Грузинская мечта” Бидзина Иванишвили

Konqresmen İvanişvilini “Çin və İran aşiqi, Amerikaya nifrət edən korrupsioner” adlandırıb

Respublikaçı konqresmen və Helsinki Komissiyasının sədri Co Vilson “X” sosial şəbəkəsində Gürcüstanda baş verənlərdən yazıb.

O bildirib ki, əgər “Gürcü arzusu”nun fəxri sədri və Gürcüstanın faktiki hökmdarı Bidzina İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək üzrə planını həyata keçirərsə, təsəvürünə gətirmədiyi reaksiyalarla üzləşəcək.

Dekabrın 29-u “Gürcü arzu”sunun təyin etdiyi yeni Prezident Mixeil Kavelaşvilinin inauqurasiyası keçiriləcək.

Bu tarix hazırkı Prezident Salome Zurabişvilinin son iş günü olmalıdır. Salome Zurabişvili yeni parlament seçkiləri elan edilənədək və legitim parlament yeni Prezident seçənədək kürsüsünü tərk etməyəcəyini söyləyib.

Zurabişvili, müxalifət və ictimaiyyətin böyük bir hissəsi yerlərin çoxunu hakim “Gürcü arzusu” partiyasının üzvlərinin tutduğu yeni parlamentin legitimliyini tanımır.
Onlar parlament seçkilərinin çoxsaylı pozuntular və saxtalaşdırmalar fonunda keçdiyini bəyan edirlər.

Seçkilərin nəticələri ölkə boyu fasiləsiz irimiqyaslı etiraz aksiyalarına səbəb olub. Seçkinin nəticələrini, Macarıstan və Slovakiya istisna olmaqla, heç bir Qərb ölkəsi tanımayıb.

Co Vilsonun tvitindən sonra digər konqresmen və senatorlar da bəyanat verib.    

ABŞ senator və konqresmenləri nə yazır

Respublikaçı konqresmen, Helsinki Komissiyasının sədri Co Vilson yazır:

“Prezident Tramp Amerikanın özünü düşmən elan edən ölkələrə necə baxdığını açıq şəkildə bildirdi. Əgər Bidzina İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək üzrə planını həyata keçirərsə, o, təsəvürünə belə gətirmədiyi reaksiya gözləməlidir”.  

Sonra Co Vilson daha bir bəyanatla çıxış edib:

“Çin və İran aşiqi, Amerikaya nifrət edən korrupsioner Bidzina İvanişvili Gürcüstanı demokratiyadan diktaturaya çevirməyə çalışır. Bu baş verərsə, biz […] Gürcüstana bütün yardımı dayandırmalıyıq”.


“Amerika xalqı Gürcüstan xalqını dəstəkləyr”, – amerikalı respublikaçı senator Con Kornin ABŞ Helsinki Komissiyasının Konqres üzvlərinin Gürcüstandakı etirazçıları dəstəklədiyi barədə tvitini belə müşayiət edib. 


“Gürcü xalqı dörd həftə ərzində öz hökumətinin təhlükəli yoluna qarşı çıxış edib. Gürcüstanın arzusu transatlantik birliyə qoşulmaqdır, hökumət bu istəyə hörmətlə yanaşmalıdır. Mən bütün çətinliklərə rəğmən, insanların inadını və onların işıqlı gələcəyə can atmalarını alqışlayıram”, – ABŞ Senatının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin rəhbəri Cim Riş ölkədə davam edən etiraz aksiyalarına belə münasibət bildirib.       


“Amerika Gürcüstana sanksiyalar tətbiq etməlidir”, – respublikaçı konqresmen Robert Aderholt yazıb.


İlk dəfədir ki, Gürcüstanda onlarla adam ABŞ və Aİ-yə daxil olan ölkələr tərəfindən sanksiyalara məruz qalıb.

Onların arasında yüksək rütbəli məmurlar, hakimlər, fiziki şəxslər, biznesmenlər, parlament deputatları və “Gürcü arzu”sunun digər üzvləri də var.

Sanksiyalar müxtəlifdir:

110-dan artıq adama ABŞ-yə viza almaqda məhdudiyyət qoyulub. ABŞ-yə təkcə sanksiya siyahısındakı şəxslər deyil, həm də onların ailə üzvləri gedə bilməz. Beləliklə, məlum məhdudiyyətlər yüzlərlə adamı əhatələyir. 

Diplomatik pasportu olan yüzlərlə insan (dəqiq siyahı yoxdur) bundan belə Avropa İttifaqı ölkələrinə vizasız gedə bilməz.  

Altı nəfər “Maqnitskinin siyahısı”ndadır. Bu, bütün mülkiyyətin və aksiyaların “dondurulması” da daxil olmaqla, sərt maliyyə sanksiyalarını nəzərdə tutur. Siyahıdakı dörd nəfər yüksək rütbəli şəxslərdir.      

40-dan çox adam Baltik ölkələrinin sanksiyalarına, 19-dan çox şəxs Ukraynanın fərdi sanksiyalarına məruz qalıb.

Bir çox məmura eyni zamanda bir neçə sanksiya paketi tətbiq olunub.

Daxili işlər naziri və baş nazirin müavini Vaxtanq Qomelauri bu şəxslərdəndir. Onun adını bir neçə ölkənin sanksiya siyahısına, o cümlədən “Maqnitski siyahısı”na salıblar.    

Qərb partnyorları Gürcüstan rəsmilərini demokratiyaya mane olduqlarına, insan haqlarını pozduqlarına, dezinformasiya yaydıqlarına, korrupsiyaya yol verdiklərinə, nümayişçilərə və jurnalistlərə qarşı amansız repressiyalar nümayiş etdirdiklərinə görə sanksiyalara məruz qoyublar.

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib.

2012-ci ildən ölkəni idarə edən “Gürcü Arzusu” Partiyası 53,92% səslə qalib gəlib.

Müxalifət koalisiyaları səsvermənin nəticələrini tanımaqdan imtina ediblər.

Zurabişvili yeni parlamenti “qeyri-legitim” adlandırıb və yeni seçkilər keçirilənə qədər istefa verməkdən imtina edib.

Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin oktyabrın 26-da keçirilən və “Gürcü Arzusu”nun qalib gəldiyi parlament seçkilərini Konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.

Baş nazir İrakli Kobaxidze dekabrın 29-da səlahiyyət müddəti bitənə qədər vəzifəsini tərk etmədiyi təqdirdə onu cinayət işi ilə hədələyib.

Bunun fonunda respublikada kütləvi etirazlar davam edir.

Mixail Kavelaşvili Gürcüstanın yeni Prezidenti seçilib, onun andiçmə mərasimi dekabrın 29-na təyin edilib.

Ana səhifəDünyaABŞ-dən Gürcüstandakı vəziyyətə: “İvanişvili təsəvvürünə belə gətirmədiyi reaksiya gözləməlidir”