Şübhəli şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq!” şüarını səsləndirib və “bunu Qəzza üçün etdim” deyə izah edib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında güllələnərək öldürüldüyü bildirilir.
Məlumata görə, öldürülən Sara Milqrim və Yaron Lişinski mayın 21-də axşam saatlarında Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi yaxınlığında hücuma məruz qalıblar.
Sara Milqrim səfirliyin İctimai Diplomatiya üzrə Mütəxəssisi, Yaron Lişinski isə Siyasi Departamentdə Tədqiqat Köməkçisi vəzifəsində çalışıb.
Polisin məlumatına görə, hücumu 30 yaşlı, Çikaqoda yaşayan Elias Rodriqes törədib və o, Fələstini dəstəkləyən şüarlar səsləndirib.
İsrailin ABŞ-dəki səfiri Yehiel Layteri öldürülən iki əməkdaşın yaxın zamanda evlənməyə hazırlaşdığını deyib.
“ABC News” kanalının Kolumbiya dairəsinin polis rəhbəri Pamela Smitə istinadən verdiyi məlumata görə, şübhəli şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq!” şüarını səsləndirib və “bunu Qəzza üçün etdim” deyə izah edib.
“Atəş açmazdan əvvəl şübhəli şəxsin muzeyin yaxınlığında irəliləyib geri qayıtdığı müşahidə olunub. O, dörd nəfərdən ibarət qrupa yaxınlaşaraq, tapança çıxarıb və atəş açıb”, – Pamela Smit bildirib.
Hadisəni törədən şəxsin təkbaşına hərəkət etdiyi ehtimal olunur.
Saxlanıldıqdan sonra Rodriqes silahını harada saxladığını söyləyib və silah müsadirə edilib.
ABŞ Prezidenti Donald Tramp hadisəni pisləyərək, bunu antisemitizm əlaməti olaraq qiymətləndirib.
“Vaşinqtonda baş verən bu dəhşətli qətllər dərhal dayandırılmalıdır. Nifrətə və radikalizmə ABŞ-də yer yoxdur. Həlak olanların ailələrinə başsağlığı verirəm. Belə bir şeyin baş verməsi çox təəssüf doğurur” — Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
2025-ci il yanvarın 20-də Tramp yenidən prezident seçiləndən sonra ölkənin Ədliyyə Nazirliyinə və digər müvafiq qurumlara ABŞ-də antisemitizmə qarşı mübarizəni gücləndirməyi tapşırıb.
Yanvarın 29-da Tramp nümayişlərdə fələstin tərəfdarı olaraq iştirak edən və İsrailin Qəzzadakı hərəkətlərini tənqid edən universitet tələbələrinin və müəllimlərinin üzərində nəzarəti gücləndirmək üçün fərman imzalayıb.
Bu hücum, indiyədək ABŞ-də İsrailin səfirlik işçilərinə qarşı yönələn ikinci silahlı hücumdur.
Bundan öncəki hücum 1973-cü ildə baş tutub və nəticədə İsrailin ABŞ-dəki attaşesi 5 güllə yarası nəticəsində həyatını itirib
Ümumilikdə, dünyada İsrailin səfirlik işçilərinə qarşı onlarla silahlı hücum baş verib.
Mayın 21-də baş verən qətl İsrailin Qəzza zolağında yeni əməliyyatlara start verməsi fonunda baş verib.