“Bu, Dövlət katibi Blinkenin şəxsi prioritetidir”
“Azərbaycan və Ermənistan arasında son fasilələr fonunda birbaşa danışıqları bərpa etmək istəyən ABŞ-ın Dövlət katibi Entoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. O, yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacaq”.
Bunu yanvarın 19-da keçirilən brifinqdə “Turan”ın müxbirinin sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays Blinken və Paşinyanın Azərbaycanla ikitərəfli danışıqların bərpası istiqamətində addımları müzakirə etdiklərini bildirib.
Dövlət katibinin dialoqun yeni raundunun keçirilməsi üçün tərəflərlə razılığa gəlməyə çalışıb-çalışmadığı ilə bağlı suala Prays belə cavab verib:
“Bu cür səylər edilir. ABŞ yaxşı olan hər şeyi edəcək. 2022-ci ilin sonunda dövlət katibinin həmkarları ilə bir neçə görüşü və vasitəçiliyi ilə Vaşinqtonda, Nyu-Yorkda Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş olub. Əlbəttə, siz Dağlıq Qarabağ ətrafında son uğursuzluqları görürsünüz və biz konstruktiv dialoqun bərpa olunmasını istəyirik”.
N.Prays əlavə edib ki, ABŞ ATƏT və ya üçtərəfli qaydada ikitərəfli və tərəfdaşlarla qarşılıqlı əlaqəyə hazırdır.
“Bu, dövlət katibi Blinkenin şəxsi prioritetidir. Bununla belə, Viktoriya Nuland, Karen Donfrid və Avropa və Avrasiya Məsələləri Bürosunun bir sıra digər yüksək rütbəli məmurları da bu məsələ ilə məşğuldurlar”, – deyə Prays bildirib.
Eyni zamanda, Dövlət Departamentinin bu barədə bəyanatında qeyd olunub ki, dövlət katibi Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edib: “O həmçinin ABŞ-ın davamlı sülhə və güclü çoxşaxəli ikitərəfli münasibətlərimizə nail olmaq səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib”.
Laçın dəhlizində nə baş verir?
Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.
Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.
Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.
Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.
Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.
Tarixçə
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.