ABŞ Azərbaycanı hərbi təlimlər barədə şəffaf olmağa çağırıb

“Mümkündür ki, bu prosesin gedişində müstəqil qiymətləndiricilər rəsmi məlumatlarla gerçək fəaliyyətin “fərqini görüblər” və bu hal davam edir”.

ABŞ Dövlət Departamenti


Cəsur Məmmədov: “Hərbi təlimlərin miqyasını azaltmaqla və ya şişirtməklə hərbi büdcədən pul silinməsi prosesi həyata keçirilə bilər”

ABŞ Azərbaycanı hərbi təlimlər keçirərkən onların ölçüsü və təyinatı haqqında ətraflı məlumat verməklə, daha şəffaf olmağa çağırır.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dövlət Departamentinin silahlara nəzarət sahəsində sazişlərə və öhdəliklərə riayət olunması haqqında Konqresə təqdim etdiyi məruzədə deyilir.

Məruzəyə əsasən, Vaşinqton ötən ilin payızında “genişmiqyaslı təlimlərdə şəffaflıq olmaması” ilə bağlı narahatlığını Bakı ilə bölüşüb.

“Vyana sənədinin 9/12 saylı qərarına uyğun olaraq, iştirakçı dövlətlər hər il ən azı bir böyük hərbi təlim haqqında məlumat verməlidirlər. Azərbaycan təlimlər keçirir, amma ən azı ildə bir böyük hərbi təlim haqqında məlumat vermir”, – deyə məruzədə bildirilir.


Azərbaycan hökumətinin ATƏT-in Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumuna məlumatı:

Azərbaycan hökuməti ATƏT-in Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumunda bildirib ki, Müdafiə Nazirliyinin veb-saytındakı elanlar Vyana sənədinin çərçivələrini aşan heyət və silahlar haqqında bütün məlumatları ehtiva edirdi və heç nə gizlədilməyib.

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyinin saytında və Azərbaycan KİV-lərində yer alan məlumata görə, ölkədə 2019-cu il martın 11-dən 15-nə qədər geniş miqyaslı təlimlər keçirilib. Bu təlimlərdə 10 min nəfərə yaxın heyət, 500-ə qədər tank, zirehli texnika və digər nəqliyyat vasitələri, 300-ə qədər raket-artilleriya sistemi və 20 hərbi təyyarə iştirak edib.

Bundan başqa, 2019-cu il sentyabrın 16-dan 20-nə qədər Azərbaycanda 10 min nəfərə yaxın heyətin, 100-dən çox tank və zirehli maşının, 120 raket-artilleriya sisteminin və 20 hərbi təyyarə və dronun iştirakı ilə növbəti geniş miqyaslı təlimlər keçirilib.

Müdafiə Nazirliyinin saytında və yerli mətbuatda həmçinin 2019-cu il iyunun 7-dən 11-nə qədər Naxçıvanda Türkiyə SQ ilə birgə 5000 hərbi qulluqçunun, 200 tank və digər zirehli texnikanın, 180-nə qədər minaatan və raket artilleriya sisteminin və 21 hərbi təyyarə və helikopterin iştirakı ilə “Sarsılmaz qardaşlıq – 2019” təlimlərinin keçirildiyi barədə məlumat verilib.


Azərbaycanlı hərbi ekspertlərin bu məsələ ilə bağlı fikirləri bölünüb

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov:

1517843034526958652_1000x669.jpg
Şair Ramaldanov

“Təlimlərin keçirildiyi zaman yerli telekanallar nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayır. Təlimlərdən sonra nazir general-polkovnik Zakir Həsənovun keçirdiyi müşavirə barədə bəzi məlumatlar yayılmışdı. Son irimiqyaslı əməliyyat təlimləri Ermənistanda narahatlıq yaratmış və onlar bu barədə beynəlxalq qurumlara müraciət etmişdi. Bəlkə bunun təzahürüdür. ABŞ Bakıdakı səfirliyinin hərbi attaşesi vasitəsilə Müdafiə Nazirliyinə müraciət edə bilər və yaranan suallara son qoymaq olar”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) rəhbəri Cəsur Məmmədov:

Cəsur Sümərinli
Cəsur Məmmədov

“Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı şəffaflıq problemi gerçəkdən mövcuddur. Problem ondadır ki, rəsmi Bakı keçirdiyi hərbi təlimlərlə bağlı lazımi beynəlxalq məlumatlandırmanı vaxtında həyata keçirmir və əksər hallarda verilən məlumatlar səthi olmaqla yanaşı gerçəkliyi əks etdirmir. Avropa və ABŞ-da yerləşmiş müxtəlif qurumlar Azərbaycanın il ərzində keçirdiyi hərbi təlimlərin müstəqil monitorinqini aparırlar. Bu zaman onlar mövcud məlumatları, video və foto görüntüləri, mətbuatdakı rəsmi və qeyri-rəsmi açıqlamaları diqqətdən keçirirlər. Mümkündür ki, bu prosesin gedişində müstəqil qiymətləndiricilər rəsmi məlumatlarla gerçək fəaliyyətin “fərqini görüblər” və bu hal davam edir. Azərbaycanın beynəlxalq ictimaiyyəti hərbi təlimlərlə bağlı vaxtında və qaneedici məlumatlandırmamasının müxtəlif səbəbləri ola bilər. Mümkündür ki, rəsmi və ya qeyri-rəsmi görüşlərdə Bakı bunu Ermənistanla müharibə vəziyyəti ilə əlaqələndirir. Amma bu məsələdə korrupsiya və “pul yeyintisi” əsas səbəblərdən biridir. Birincisi, Azərbaycan hərbi təlimləri əsasən Rusiyadan aldığı silah və hərbi texnika ilə həyata keçirir və bu prosesin şəffaflığı ciddi sual altındadır. Digər tərəfdən keçirilən hərbi təlimlərə milyonlarla manat vəsait xərclənir. Mümkündür ki, hərbi təlimlərin miqyasını azaltmaqla və ya şişirtməklə kimlərsə hərbi büdcədən müvafiq pul silinməsi prosesini həyata keçirir. Rəsmi Bakı özü şəffaf və hesabatlı olacağı təqdirdə işğalçı Ermənistana və ona dəstək verən Rusiyaya təsir etmək, onlarla bağlı məsələnin beynəlxalq səviyyələrdə müzakirəyə çıxarılmasına nail ola bilər. Təəssüf ki, hazırkı vəziyyətdə bunu görmürük. Nə Bakı özü şəffafdır, nə də Ermənistan və onun dəstəkçisi Rusiyadan şəffaflıq tələb edə bilir”.

Ana səhifəSiyasətABŞ Azərbaycanı hərbi təlimlər barədə şəffaf olmağa çağırıb