“Korrupsiyanın yayılması anti-korrupsiya mexanizmlərini və addımlarını məhdudlaşdırır”
Azərbaycan qadınların və uşaqların cinsi istismar və məcburi əmək məqsədilə istismarının mənbəyi, tranzit ölkəsi və yeridir. Bu barədə ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünyada traffikinq sahəsində vəziyyətə həsr olunmuş illik hesabatında deyilir.
Azərbaycan vətəndaşları üçün məcburi əmək və cinsi istismar yeri Rusiya, Türkiyə və BƏƏ olaraq qalır. Azərbaycanın özündə cinsi istismar üçün Çin, Rusiya və Özbəkistandan olan qadınlardan istifadə olunur. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının məcburi əməyə cəlb edilməsi faktları var.
“Azərbaycan hakimiyyəti traffikinq səviyyəsinin azaldılması üçün minimum standartlara tam həcmdə riayət etmir, amma bunun üçün mühüm addımlar atır”, deyə hesabatda bildirilir.
Dövlət Departamenti qanunvericlik, traffikinq faktlarının araşdırılması sahəsində görülmüş addımları, bu təzahürə qarşı mübarizə üzrə milli plan işlənib hazırlandığını qeyd edir. Eyni zamanda, hakimiyyət traffikinq qurbanlarının reabilitasiyası və sosial reabilitasiyası üçün bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına adekvat maliyyə yardımı ayırmayıb. Bundan başqa, korrupsiyanın yayılması anti-korrupsiya mexanizmlərini və addımlarını məhdudlaşdırır.
Dövlət Departamentinin tövsiyələrində deyilir ki, insan alverində iştirak edən hökumət məmurlarını müəyyən etmək və məhkəməyə cəlb etmək; məcburi əmək qurbanlarının aşkar edilməsi üzrə səyləri fəallaşdırmaq; insan alverçilərinə qarşı səyləri artırmaq; QHT-lərin rolunu artırmaq; hakimiyyətlə əməkdaşlıq etmək istəməyən qurbanlar üçün təhlükəsiz yaşayışı təmin etmək; hüquq mühafizə orqanlarının xüsusi əməkdaşlarının hazırlanmasını təmin etmək; Dövlət Miqrasiya Xidmətinin əcnəbi insan alveri qurbanlarının aşkarlanması üzrə potensialını gücləndirmək və s. lazımdır.
Ölkədə insan alveri qurbanları üçün sığınacaqlar çatışmır. 2014-cü ildə traffikinq qurbanı kimi 50 qadın və bir qız uşağı, həmçinin məcburi əmək qurbanı kimi 3 kişi qeydiyyata alınıb.
Qurbanlara 400 manat ölçüsündə birdəfəlik yardım göstərilib, daha sonra onların bir hissəsi əlavə sosial xidmətlərin göstərilməsi üçün Dövlət Qurbanlara Yardım Mərkəzinə göndərilib. 2014-cü ildə zərər çəkənlərə yardım üçün 314 330 manat (298 500 dollar) ayrıldığı bildirilir. Amma hökumət qurbanlara sığınacaq verərək, onlara yardım edən QHT-lərə dəstək üçün heç bir vəsait ayırmayıb. Bundan başqa, cəzasını çəkmiş şəxslərin reabilitasiyası, onlara mənzil verilməsi və işlə təmin edilməsi məsələləri həllini tapmır, deyə hesabatda bildirilir. (Turan İA)