ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır

“Qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur”

Source:


“Qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur”

Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

“Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.

ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur” – deyə ATƏT-in saytında xəbər verilir.

ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ nümayəndələr Palatasının üzvü Chris Smith

“Azerbaijan Democracy Act”

 (Azərbaycanda Demokratiya Aktı) adlı qanun layihəsi hazırlayıb.

Məqsəd Azərbaycanda insan haqları pozuntularına qarşı ölçü götürməkdir.

Sənəd Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını nəzərdə tutur.


“Azərbaycanda demokratiya aktı” adlanan layihəni təqdim edərkən Smith deyib: “ Biz başa düşürük ki, Azərbaycan və ABŞ arasında milli təhlükəsizlik və iqtisadi sahələrdə mövcud olan mühüm bağlar Azərbaycanda insan haqlarının dəhşətli həddə pozulmasına göz yummaq üçün əsas olmamalıdır”.

“Azərbaycanda Demokratiya Aktı” Azərbaycan hökumətinin aparıcı üzvlərinə, onlarla biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı maliyyə sanksiyalarının da nəzərdən keçirilməli olduğu haqda Konqresdəki rəyi ifadə edir.

Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinə basqılara son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində əsaslı irəliləyiş nümayiş etdirsə, sanskiyalar qaldırıla bilər.

C.Smith-in fikrincə, “Azərbaycanda demokratiya aktı” ABŞ-ın insan haqları və fundamental hüquqlara ciddi yanaşdığını göstərir:


“Bu onu göstərir ki, hansısa ölkənin hökuməti siyasi müxalifəti, medianı və dini azlıqları repressiyaya məruz qoyarsa, biz güzəştə getməyəcəyik”.

C.Smith hesab edir ki, “araşdırmaçı jurnalist Xədicə İsmayıl, vəkil İntiqam Əliyev, siyasi lider İlqar Məmmədov, İctimai fəal Anar Məmmədli kimi cəsarətli qadın və kişilər həbsdə saxlana-saxlana, onların əli hüquqi, hətta tibbi yardıma çatmadığı bir durumda Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinin azad şəkildə ABŞ-a gəlmələri qəbuledilməzdir. Əgər həmin cəsarətli kişi və qadınlar insan haqlarını müdafiə etdikləri üçün cəza çəkməyə hazırdırlarsa, biz ən azından onların yanında olmalıyıq.”

Dekabrın 16-da həmçinin Helsinki Komissiyasında Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı dinləmələr keçirilib.

C.Smith ABŞ parlamentinin aşağı palatasına – Nümayəndələr Palatasına Nyu Cersidən seçilib. Respublikaçıdır. 2011-ci ildən Helsinki Komissiyasına rəhbərlik edir. Azərbaycanda insan haqlarının pozulmasına qarşı səsini davamlı ucaltmış Amerika siyasətçilərindəndir.

Hazırda Nümayəndələr Palatasında C.Smith-in üzvü olduğu respublikaçılar çoxluğa sahibdir. Eləcə də parlamentin yuxarı palatası olan Senatda.

Ana səhifəXəbərlərABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır