“Newsmaker”in materialı
Hazırda EUCOM əməliyyatları zonasındakı ölkələrdə ABŞ-ın təxminən 102 min hərbi qulluqçusu var
Avropadakı hərbi əməliyyatlar zonasında yerləşdirilən Amerika qoşunlarının sayı Ukraynada müharibə başlayandan bəri 30 faiz artaraq 102 min nəfərə çatdırılıb. CNN bildirir ki, bu barədə Ukrayna ilə bağlı Təmas qrupunun toplantısından sonra Pentaqonda keçirilən mətbuat konfransında qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri general Mark Milli məlumat verib.
«ABŞ silahlı qüvvələrinin Avropa komandanlığında(EUCOM), orduda, donanmada, HHQ-də, dəniz piyadalarında və kosmik qüvvələrdə Birləşmiş Ştatların 78 min nəfərə yaxın qüvvəsi vardı. Bir neçə ay ərzində biz bu göstəricini 30 faiz artırdıq. Beləliklə, hazırda EUCOM əməliyyatları zonasındakı ölkələrdə bizim təxminən 102 min hərbi qulluqçumuz var», – Milli deyib.
Millinin sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri ABŞ quruda, dənizdə və havada özünün hərbi iştirakını artırıb.
«Bizim Aralıq dənizi və Baltik dənizindəki 24 suüstü gəmi və sualtı qayıqlarda 15 min dənizçimiz var. Payızda həmin zonada cəmisi 6 gəmimiz mövcud idi. Hazırda havada 12 qırıcı eskadrilya və hərbi aviasiyanın 2 briqadası, quruda isə 2 korpus, 2 diviziya və 6 döyüş qrupu briqadası, habelə müxtəlif köməkçi vasitələr yerləşdirilib», – Milli bildirib.
Mayın 23-də ABŞ-ın Ramştayndakı hərbi bazasında 47 ölkənin iştirakı ilə Ukrayna üzrə Təmas qrupunun ikinci toplantısı keçirilib. Üçüncü toplantı iyunun 15-də Brüsseldə baş tutacaq.