ABŞ Avropa İttifaqını insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırır

“Bu məsələdə Vaşinqtonla həmin ölkələrin münasibətləri əsas götürülür”.

Source: Foto: arxiv


Azər Qasımlı: “Prinsipial yanaşdıqda, rəsmi Bakıya sanksiyalar tətbiq edilə bilər”

“Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borelə insan hüquqlarını pozanlara və korrupsionerlərə qarşı sanksiyaların tətbiq edilməsini sürətləndirmək üçün çağırış etmək lazımdır”.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə bu barədə ABŞ-ın Helsinki komissiyasının həmsədri, senator Rocer Viker və komissiyanın üzvü senator Ben Kardinin ABŞ dövlət katibi Mayk Pompeoya müraciətində deyilir.

Məktubda deyilir ki, dünyadakı böhran şəraitində diktatorlar və kleptokratlar özlərinin cinayət əməllərini artırıblar və bununla da Avropa İttifaqının “Maqnitski haqqında” qanununun reallaşdırmasını aktuallaşdırıblar:

“Məlum olub ki, korrupsiya və insan hüquqlarının pozulması bir-biri ilə sıx bağlıdırlar. Korrupsiyaya qarşı sanksiyaların olmaması ABŞ və Avropa İttifaqının sinxronlaşdırılmış sanksiyalarını və bu məsələyə yanaşmanı zəiflədir. Bu, ABŞ-a girişi qadağan olunan korrupsionerlərə Avropa İttifaqında işlərini davam etdirməyə imkan yaradır”, – məktubda deyilir.

Məktub müəllifləri qeyd ediblər ki, məhz Sergey Maqnitski insan hüquqlarını pozanların və korrupsiyaya uğramış məmurların cəzasızlığına son qoyulması üçün səy göstərib. O, həbsxanaya salınıb, işgəncələrə məruz qalıb və öldürülüb.

ABŞ-ın “Maqnitski haqqında” qlobal qanunu prezidentə insan hüquqlarını pozan və korrupsiyaya uğramış istənilən xarici vətəndaşa ölkəyə girişi qadağan etməyə və iqtisadi sanksiyalar tətbiq etməyə imkan verir. 2019-cu ilin dekabrında Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borel ittifaqın bütün üzv ölkələrinin “Qlobal Maqnitski” qanununun analoqunu qəbul etmək üçün işləməyə hazır olduqlarını elan edib.

Baltikyanı ölkələr, Kanada və Böyük Britaniya belə bir qanunu artıq qəbul ediblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-ə Avropa İttifaqı daxilində “Maqnitski aktı” qanununun qəbulu məsələsinin yeni olmağını və iki ildən çoxdur gündəmdə olduğunun bildirib. O qeyd edib ki, söhbət fərdlərə qarşı olan sanksiyalardan gedir: “Sanksiyalar Avropa Birliyi ölkələrinə giriş-çıxışı, bank hesablarına həbsi və bu kimi digər iqtisadi məqamları özündə ehtiva edir. Təəssüf ki, Avropa Birliyi iki il əvvəl bu məsələdə razılığa gəlsə də, hüquqi mexanizmlərin hazırlanması və işə salınması yubanır”.

Hüquq müdafiəçisi məhbus Rəsul Cəfərov
Rəsul Cəfərov

Onun fikrincə, Helsinki Komissiyasının üzvlərinin dövlət katibinə müraciətinin arxasında həm də mexanizmin işlək vəziyyətə gətirilməsinin yubanması dayanır:

“Senatorlar demək istəyir ki, mexanizmin işlənməsi zamanı yetişib. Əlbəttə, dövlət katibi Pompeo müraciət edəcəksə, bu hələ o anlama gəlmir ki, Avropa Birliyi mexanizmi dərhal işə salacaq. Ümid edirəm ki, proses davam edəcək və müraciət məsələnin sürətlənməsinə təsir göstərə bilər”.

R.Cəfərov qanunun qəbulundan sonra Azərbaycanda insan haqlarını pozan şəxslərə aid ola biləcəyini bildirib. O qeyd edib ki, hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq insan hüquq və azadlıqlarını pozan şəxslərə sanksiya tətbiq ediləcək. Bura işgəncələr, ləyaqəti alçaldan rəftar, qanunsuz həbslər, azadlıqdan məhrum etmələr daxildir.

“Praktikada necə tətbiq olunacağını isə zaman göstərəcək. Bizim istəyimiz odur ki, insan hüquq və azadlıqlarını pozan rəsmi şəxslər bu mexanizmlərin təsiri altına düşsün. Göstərici heç kimə işgəncə verilməməsi, insan haqlarını, azadlıqlarının pozulması faktlarının olmaması, qeyri-insanı rəftarın qadağasıdır”.

Siyasi icmalçı Azər Qasımlı hesab edir ki, prinsipial yanaşdıqda, rəsmi Bakıya sanksiyalar tətbiq edilə bilər.

“Çünki davam edən pandemiya dövründə Azərbaycanda insan haqları və azadlıqları pozuldu. Faktiki olaraq, fövqəladə vəziyyətə yaxın rejim quruldu, insanların sərbəst hərəkəti məhdudlaşdırıldı”.

Onun fikrincə, bu barədə Milli Məclis qərar verməliydi:

“Ancaq hakimiyyət daha ciddi və məqsədli addımlar atdı. Konkret olaraq, AXCP sədri Əli Kərimlinin ictimaiyyətdən təcrid olunması, kommunikasiyalarının kəsilməsi, partiya üzvlərinin həbsi, NİDA üzvü İlkin Rüstəmzadəyə qarşı təzyiqlər qanun pozuntusu idi. Yəni hakimiyyət pandemiyadan istifadə edib ona müxalif olan insanlara qarşı təzyiqləri gücləndirdi”.

Azer-Qasimli.jpg
Azər Qasımlı

Azər Qasımlı qeyd edib ki, ABŞ və Avropa Birliyi hansısa qərar və ya qanun qəbul edəndə, onu bütün ölkələrə şamil etmir:

“Bu məsələdə Vaşinqtonla həmin ölkələrin münasibətləri əsas götürülür. Əgər münasibətlər o qədər də yaxşı deyilsə, sanksiya tətbiq olunur, əks təqdirdə belə hökumətlər tənqid edilir. Nəticədə onlar da siyasətlərini öhdəliklərinə uyğunlaşdırmağa çalışırlar ki, sanksiyalara məruz qalmasınlar. Hazırda Vaşinqtonla Bakı arasında hər hansı xüsusi gərginlik yoxdur ki, sanksiyalar tətbiq olunsun”.

Azər Qasımlının fikrincə, senatorların müraciəti, məsələni gündəmə gətirib müzakirəyə çıxarması, xarici mətbuatın bu barədə yazması təsirsiz ötüşməyəcək:

"Azərbaycan hakimiyyətinin bir mahiyyəti var: Həqiqətən də təzyiq olanda, geri çəkilir. Baxmayaraq ki, İlham Əliyev hər dəfə müstəqil siyasət yeritdiyimizi, “heç kəs bizimlə hədə-qorxu ilə danışa bilməz” desə də, bunlar daxili auidotoriya üçündür. Məsələn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbs olunarkən, sanksiya məsələsi gündəmə gələndən sonra azad olundu. Yaxud konqresmen Smitin hazırladığı sanksiya layihəsində həbs olunan dörd nəfərin adı keçirdi. Nəticədə onlar azad olundular. Hakimiyyət başa düşdü ki, bu adamları həbsdə saxlamaqla daha çox itirir, nəinki qazanır. Ona görə məlum müraciətin də təsiri olacaq. Hakimiyyət özünü yığışdıracaq və duruma baxıb hərəkət edəcək”.

Ana səhifəSiyasətABŞ Avropa İttifaqını insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırır