ABŞ Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun xeyrinə qərar çıxarıb

Foto: Reuters

Qərara görə, ABŞ Qlobal Media Agentliyi (USAGM) “Azadlıq” radiosuna 12 milyon dollar ayırmalıdır

ABŞ apellyasiya məhkəməsi Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) xeyrinə qərar çıxarıb. Bu haqda “Azadlıq” radiosunun saytında bu gün, mayın 9-da dərc olunan yazıda məlumat verilir.

Məlumatda deyilir ki, məhkəmə elə eyni məhkəmənin üç hakimdən ibarət heyətinin bir neçə saat öncə çıxardığı qərarın icrasını dayandırıb.

Mayın 7-də axşam saatlarında ABŞ-da 11 hakimdən ibarət apelyasiya məhkəməsi heyətinin çıxardığı qərara görə, ABŞ Qlobal Media Agentliyi (USAGM) daha əvvəl ABŞ Konqresi tərəfindən aprel ayı üçün təsdiq edilən maliyyəni Azad Avropa/Azadlıq Radiosuna (Azadlıq Radiosu) ayırmalıdır. Söhbət 12 milyon dollardan gedir.

Aprelin 29-da ABŞ Dairə hakimi “Azadlıq” radiosuna büdcə ayrılması barədə qərarı təsdiqləyib. Qərar 11 hakimdən ibarət kollegiyanın iclasına bir neçə saat qalmış apelyasiya instansiyasının üç hakimi tərəfindən ləğv edilib.

USAGM indi 29 aprel tarixli birinci instansiya məhkəməsinin qərarını yerinə yetirməli və vəsaiti media korporasiyasına köçürməlidir. Eyni zamanda agentlik apellyasiya məhkəməsinin qərarından ABŞ Ali Məhkəməsinə şikayət verə bilər.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il martın 14-də yeddi federal agentlik, o cümlədən “Azadlıq” radiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb.

Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin “Azadlıq” radiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.

USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.

2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.

“Azadlıq” radiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.

Ardlnca, martın 18-də “Azad Avropa/Azadlıq Radiolar”ı (RFE/RL) ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb.

Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Leyk isə onun baş müşaviridir.

İddiada bildirilib ki, Konqresin “Azadlıq” radiosu üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət tanıyır.

“Azadlıq” radiosu 23 ölkədə, 27 dildə yayımlanır.

Ana səhifəXəbərlərABŞ Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun xeyrinə qərar çıxarıb