Abituriyentlər üçün ikinci şans

Mütəxəssislər tələbə qəbulu ilə bağlı yeni qaydalara münasibət bildirdi

Source:
Qəbul imtahanı Arxiv foto
Qəbul imtahanı Arxiv foto


Mütəxəssislər tələbə qəbulu ilə bağlı yeni qaydalara münasibət bildirdi

Abituriyentlər bir tədris ilində iki dəfə qəbul imtahanında iştirak edə biləcək

Nazirlər Kabineti natamam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Qərar Dövlət İmtahan Mərkəzinin (DİM) təklifi əsasında verilib. Dəyişikliyə görə, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə veriləcək.

Bundan başqa, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Say artımı keyfiyyətin daha da pisləşməsi hesabına olmamalıdır

İqtisadçı Rövşən Ağayev deyir ki, il ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdır. Xüsusən də abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər. Amma bu “ali təhsil alanların sayı artmalıdır”, – təklifinin bir əmması var:

“Gerçəkdən Azərbaycan əhalisinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir. Bunun üçün ali təhsil pilləsini keçid üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid balları müəyyən edilməsi çıxış yollarından biri ola bilər”.

Rövşən Ağayev
Rövşən Ağayev

Dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3 faiz ətrafındadır

İqtisadçı bildirir ki, maksimum balın (700 bal) 40 faizindən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər:

“Məsələn, hər abituriyent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır. Daha bir təklif pullu ali təhsillə bağlıdır. Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3 faiz ətrafındadır. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2 faiz intervalında dəyişir”. Rövşən Ağayev deyir ki, bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77 faizi ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır:

“Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər. Maksimum balın (700 bal), məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər”.

Nadir İsrafilov

Abituriyentlərə ikinci şans veriləcək

Təhsil eksperti Nadir İsrafilov isə deyir ki, bu dəyişiklik abituriyentlərə ikinci şans verilməsi baxımından yaxşıdır. Həm də Azərbaycan artıq beynəlxalq təhsil sisteminə inteqrasiya edib. Orta məktəblər kurikulum, ali məktəblər isə boloniya sisteminə keçib. Bu, beynəlxalq miqyasa uyğunlaşmaq baxımından hələ bir müddət təhsil sistemində belə dəyişikliklər olacaq:

“Bundan əlavə, Azərbaycanda ali təhsillilərin sayı aşağıdır. Ola bilsin bu addımla sayı da artırmaq istəyirlər. Təhsilin strategiyasında da, digər təhsillə bağlı sənədlərdə də ali təhsilin əlçatan olmasının vacibliyi vurğulanır. Məncə, təhsilin demokratikləşməsi, humanistləşməsi prinsipləri baxımından tələbəyə ikinci dəfə şans verilməsi müsbət haldır”.

Balı toplaya bilməyənə 1 illik hazırlıq keçəcəklər

Nadir İsrafilov deyir ki, ümumiyyətlə, 2-3 saatlıq imtahan abituriyentin biliyinin tam şəkildə ortaya çıxması üçün kifayət deyil. Burda həyəcanlamanı, gərginliyi, sarsıntını nəzərə alsaq, ikinci imtahan yaxşıdır:

“Digər tərəfdən, Təhsil Nazirliyi universitetlərin nəzdində xüsusi hazırlıq kursları açmaq istəyir. Müvafiq balı toplaya bilməyənlər birillik hazırlıq kursları keçəcəklər. Buna başqa yöndən yanaşanlar da var. Bəzi fikirlərlə mən də razıyam. Söhbət gedir ki, imtahanlar ödənişli olsun. Dövlət İmtahan Komitəsi açıqlama verərək bildirdi ki, dövlətin illik ayırdığı 1 milyon manat imtahanların keçirilməsi üçün yetərli deyil. İmtanların pullu olacağını, kəsilənlərin universitetin nəzdində bir il hazırlıq keçmələrinin də pullu olacağını nəzərə alın. Bu baxımdan da onlara sərf edəcək. Ancaq xaricə təhsil almaq üçün gedənləri də nəzərə alsaq, ora sərf olunan vəsaitin dövlətin özündə qalması daha yaxşı olar”.

Ana səhifəXəbərlərAbituriyentlər üçün ikinci şans