Abituriyentlər artıq 5 yox, 6 fənn üzrə hazırlaşmalı olacaq

Qəbul imtahanlarında hansı fənlərin olacağı hələ açıqlanmayıb

Source:


Qəbul imtahanlarında hansı fənlərin olacağı hələ açıqlanmayıb

Azərbaycanda imtahanlarda “emarkinq” sistemi tətbiq ediləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) tətbiq etdiyi “emarkinq” sistemi ilə bağlı ekspert missiyası baş tutub.

Sentyabrın 28-də DİM bununla bağlı tədbir keçirib. Avropa İttifaqının (Aİ) Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində keçirilən tədbirdə  DİM-in sədri Məleykə Abbaszadə bildirib ki, bu il 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsi aprel-may ayında keçirilib, nəticələr 2 ay ərzində yoxlanılıb və mayın 30-da açıqlanıb:

“Buraxılış imtahanlarında ümumilikdə 115 min şagird iştirak edib. Bu ildən etibarən IX siniflər üzrə buraxılış imtahanında ilk dəfə olaraq tətbiq edilən belə yazı işlərinin nəticələrini 1 aydan tez vermək qeyri-mümkündür. Bu gün Dövlət İmtahan Mərkəzinin markerlərinin sayı 500 nəfərdir. Bu say 5000 nəfər olsaydı, yoxlama üçün vaxt 1 həftə -10 gün azalardı. Ancaq markerlərin sayını çoxaltmaq mexaniki olaraq mümkün deyil. Çünki bugünkü markerləri hazırlamaq üçün 4 il işləmişik. 2013-cü ildən keçirilən monitorinq imtahanları nəticəsində marker müəllimlər formalaşıb”.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşib.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Meydan TV-yə bildirib ki, yazı işlərinin yoxlanması o qədər gərgin parametrdir ki, onun öhdəsindən gəlmək hər müəllimin işi deyil:

“İmtahanların yoxlanılmasında yalnız bu sahədə ixtisaslaşmış, kifayət qədər elmi potensialı olan müəllimlər iştirak etməlidir. Məsələn, doqquzuncu siniflərin yazı prosesini yoxlayan müəllimlərin bir neçəsini tanıyıram. Onların çoxunun bu iş üçün potensialı çatmır, sistemlə ciddi şəkildə tanış deyillər. Sanki onlara “bax, bu şəkildə yoxla”-deyilib, onlar da bir növ təqlid edirlər. Güman edirəm ki, gələcəkdə bu proses davam edəcək və təkmilləşəcək”.

Qəbul imtahanı vermək istəyən abituriyentlər artıq 5 yox, 6 fənn üzrə hazırlaşmalı olacaq. DİM-in sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali məktəblərə qəbul imtahanları 2 hissəli – buraxılış və qəbul imtahanlarından ibarət olacaq. Abituriyentlər hər iki hissədə də 3 ayrı fənn üzrə imtahan verəcəklər. Buraxılış imtahanları hal-hazırda olduğu kimi – Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə aparılacaq. Lakin qəbul imtahanlarında hansı fənlərin olacağı hələ açıqlanmayıb.

Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu deyir ki, belə olan halda ali məktəblərə qəbul qruplarına yeni bir fənn əlavə oluna bilər:

“Qəbul imtahan qruplarına daxil ediləcək 3-cü fənnin nə olacağı ilə bağlı hələ konkret razılıq açıqlanmayıb. Bu məsələni Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi həll edir. Bundan başqa, Prezident Aparatı yanında Təhsil Komissiyası var. Güman edirəm ki, məsələ ilə bağlı oradan da göstərişlər gəlir”.

Ekspert hesab edir ki, yeni fənn blokları öncəkilərdən çox fərqlənməyəcək, hər qrupda qohum fənlər olacaq.

“Əsas məqsəd budur ki, buraxılış və qəbul imtahanlarının nəticələri yaxınlaşdırılsın. Digər tərəfdən isə, bu, açıq məsələdir. Ona görə ki, imtahanlar bir-birindən fərqlənir. Qəbul ixtisaslar üzrə spesifik imtahan olduğu halda, buraxılış imtahanı ümumi bilik səviyyəsinin yoxlanmasıdır. Hər halda yeni fənnin əlavə edilməsi abituriyent üçün çətin deyil.

Dünyada xariqələr yaradan elm sahələrinin hamısı təmayüllü təhsildir. Təmayüllü təhsil o deməkdir ki, insan bir sahə haqqında daha dərin biliklərə malik olur. Bundan sonrakı qəbul imtahanlarının mahiyyətində də həmin məsələ dayanır. Çalışacaqlar ki, qısa bir sahəni götürsünlər və həmin sahədə abituriyentlərin biliyi daha da dərinləşmiş olsun”.

Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurrikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq.

Ana səhifəXəbərlərAbituriyentlər artıq 5 yox, 6 fənn üzrə hazırlaşmalı olacaq