Bir neçə gün əvvəl beş nəfərin bir yerdə yığılması mümkünsüz iş olan Azərbaycanın bütün bölgələrində, meydanlarda hayqıran kütləni və bu işin başında gənc və perspektivli lider Tale Bağırzadəni gördük. Aşura zamanı bir çox bölgələrdə Azərbaycanın bayrağı da yekə-yekə tikilmiş o dirəklərdən endirilibmiş.
Gələcəyimiz parlaq və aydındır əziz yoldaşlar və vətəndaşlar, hörmətli qardaş-bacılar. Daha başağrısı edib – “uşaq başı yarmaq inancdı, yoxsa cinayət?” – kimi uşaq-muşaq suallarını heç vermirik də burda. Adama deyərlər ki, “ə, uşax məəmdi özüm billəm, sən kimsən ə?”. Dəymişin dura-dura kalın tökülər.
Maraqlıdır ki, elə o günün sabahı postmodernizmi heç edib, bir kənara tullamış Azərbaycan cəmiyyəti üçün xarakterik başqa bir hadisə də baş verib – Bakı Jazz Festivalı 2015 çərçivəsində dünya jazz musiqisi ulduzu Diana Kroll Heydər Əliyev Sarayında çıxış edib. Çox gözəl, çox pakizə, demirdilər tolerantıq? Əgər kimsə çaşıb sual versə ki, “cəmiyyətin bu qədər kontrastlaşması necə ola bilər, bu ölkə üçün təhlükə potensialı deyilmi, bəlkə elə o başyaranlardan da konsertə kimsə gələsi idi?” cavabı bu olar ki, “ə, kontrast nədi ə, abırrı danış, dədəndü kontrast, biz tolerantuğ, vəssalam”
Əslində burda ekzistensiya böhranından-zaddan danışmaq yersizdi. Bizdə baş verənlərin analizi üçün Sartr-filan da kara getməz, fikrimcə el dilində kliçkası “türmə rəisi” olan Mədət müəllimin milli təhlükəsizlik problemləri ilə məşğul olacağı cəmiyyətin təhlili üçün başqa bir zırpı fransıza, Michel Foucault’a müraciət etmək lazımdır.
Fransız filosofu və kültür nəzəriyyəçisi Michel Foucault hələ 1975-ci ildə yazdığı “Nəzarət və Cəza: Həbsxananın Doğuluşu” (Surveiller et punir: Naissance de la Prison) əsərində dörd başlıca tezis var: işgəncə, cəza, intizam və həbsxana. Daha sonra filosof bu tezislərin hər birinin Avropa tarixi və fikrində tutduğu yer və rolundan, əsrlər ərzindəki metamorfozasından bəhs edir. Əlbəttə ki, Mədət müəllim bu işdə nəinki ona, bütün filosoflara bir yerdə dərs keçə bilər. Heç şübhəmiz yoxdu.
Amma ki, vallah, bu əsərə göz atanda adamın yadına lap bu Mahmudov müsibəti gəlir. Nə edək tay, aşıq gördüyündən çalar valla. Bir zamanlar bu adama salam vermək üçün növbəyə duranlar, indi onun ən yaxınlarını padvala çağırdır, orda çığırdır, nə bilim dolyalarını alır-neynir.
Amma insafən burda da adama deyərlər ki, “bağışlayuz-bağışlayuz hörmətli vətəndaş, sizin heç xəbərivüz yoxdu, dünyada çox böyük bir maliyyə krizisi vardur, odey birjalarda neftin barreli 40-ı keçibdür, geosiyasi durum isə çoooox gərigindür, canım sənə desin, belə tellurokratiya ilə talassokratiya, yəni dəniz sivilizasiyası ilə kontinental sivilizasiya, koroçe leviafanla begemot özünün taa son savaşına (Putin məllim demişkən) mistik məkanda – Suriyada başlayıbdur, Azərbacandan cəmi-cümü min kilometr o tərəfdə e! Bu padvala çağırılanlar isə uzun illər vəzifədə oturan böyük korrupsionerlərdür və ölkə rəhbərliyi onlardan bu illər ərzində oğurladıqları vəsaitlərü xalqımız üçün ianə etməyə çağırır, ə, yanı neujenni süz belə prostoy həqiqətdəri annamırsuz?”
Əlbəttə ki, burda adamın yadına istər-istəməz ölməz Dzerjinski yodaş gəlir. Sovet yazıçısı Yuri Germanın “Bir il” romanında təsvir edilir ki, inqilabın ilk illərində Qızıl Ordunun əsgərləri səngərlərdə donurmuş, yoldaş Dzerjinski gözünə döndüyüm də nə edir bunun qarşılığında? Petroqradın bütün burjuy kopolularına məktub göndərib əmr edir ki, hamısı opera teatrına, konkret hansısa operaya baxmağa gəlsinlər. O bədbaxtların da hamısı quzu kimi gəlib operaya girəndə Dzerjinski müəllim qarderobdakı bacılara əmr verir ki, bütün bahalı kürkləri yığıb versinlər həşəmətli “Чека”çılara. ” Qızıl əsgərlər də o kürkləri şinel əvəzi səngərdə işlədirmiş. Gör indi! Valla bizim “bandaddel” prosdu toya getməlidi e bu söhbətlərin yanında.
Əslində bütün bu absurd söhbətlər hamısı nə qədər təəccüblü olsa da, sanki antik teatrı xatırladır. Antik drama insanlar üçün deyildi. Oradakı iştirakçılar hamısı allahlar (tutaq ki, Mahmudov & Co) və titanlar (tutaq ki, Çovdarov & Co), lap uzağı qəhrəmanlar (adamdöyənlər, şilləvuranlar) və sehrli varlıqlar (bunu özünüz fikirləşin kim ola bilər) idi. Bu tamaşanın özü də allahlar üçün aparılırdı, tribunalar boş olanda da tamaşa oynanırdı. Bizim ölkədə də əhalinin 80% ya kölə, ya da turist qismində – təxmini elə həmin başyaranlarla jazza qulaq asanlar qısası – həyatını sürür , yalnız qalanları müxtəlif obrazlarda bu tamaşada iştirak edir, biz də ən yaxşı halda bu oyunun aysberqinin qalın pərdə arxasından izləyiciləri ola bilərik. Yəni bu teatr bizlik deyil.
Odur ki, əzizlərim, salın başıvızı aşağı, hökümətin-zadın işinə də qarışmıyın, tutallar sizi. Az qalıb, bir azca da dözmək lazımdı, 2017-ci ildə deyirlər artıq birinci dəfə insan başı köçürmə eksperimenti ediləcəkdir, artıq bir könüllü də tapılıb bunun üçün. Qısası bir adamın başını kəsib yapışdıracaqlar o birinin bədəninə, özü də yaşamalıdır. Demək, Bulqakovun “İt ürəyi” əsərindəki fantasmaqoriya artıq insan üzərində baş verəcək.
Deyirəm, vay o gündən ki, götürüb bizim hörmətli başyaranlarımızın başını aparıb o jazza qulaq asanların bədəninə tikələr, ya da tərsinə, Bulqakovun o məşhur “Abırvalq”ı heç nə olar bunun yanında. “Абырвалг” – yəni ki, tərsinə oxunan “Главрыба”, bu balıq satılmasını özündə təmərküzləşdirmiş sovet təşkilatının abbreviaturasıdır, sonradan bizdə müstəqillik dövründə o təşkilatın başında “balıq Hafiz” dururdu. Bu kəlmə “İt ürəyi” povestində professor Preobrajenski tərəfindən Şarikovun insan xislətində tələffüz etdiyi ilk sözdür. Əlbəttə bu “balıq Hafiz” – bizim yerli Şarikovumuz da bir bəhanədir, başqaları güya ondan nə ilə fərqlənir ki?
Əslində o baştikən cərraha demək lazımdı ki, axırı bu olacaqsa, heç o əziyyəti çəkməsin, bizim cəmiyyətdə nəinki “balıq Hafiz”, eləcə də bütün sosial təbəqələr – məmur, ziyalı, manıs, cəllad, professor, polis, aktrisa, kəndli, politoloq, tələbə, rejissor, nə bilim deputat, namizəd, seçici, sayıcı, qırılmışın hamısı elə onsuz da bütün günü başdan-ayağa “Abırvalq” deyir. “Abırvalq” ilə gedib-gəlir cəmiyyətin nəfəsi.
“Abırvalq” deyir AzTV/ANS.
“Abırvalq” deyir Zahid-Siyavuş & Co müəllim.
“Abırvalq” deyir məhkəmələr-hakimlər, advokatlar, “hüquq müdafiəçiləri”, GONGO-lar.
“Abırvalq” deyir mətbuat, media, jurnalist-publisist, baş redaktor- metranpaj.
“Abırvalq” deyir xalq şairləri-yazıçıları, xalq artistləri, əməkdar incəsənət xadimləri, əməkdar jurnalistlər.
“Abırvalq” deyir prezident fərmanları.
“Abırvalq” deyir aşura edib sabahı gün jazz festival keçirənlər.
P.S. Əzizlərim, inanın ki, bu söhbətlər hamısı boş şeylərdi. Mövzu budu ki, Kommunist Partiyası çinlilərə artıq ikinci uşağı doğmağa icazə veribdir, demək tezliklə ordakı neçə milyard, olacaq filan qədər milyard.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…