Yanan binanın sakinlərinə dəyən zərər hesablanmayıb
Aprelin 10-da Zığ yolu 16 ünvanda yerləşən binada yanğın baş vermişdi. Hadisə zamanı insan itkisi olmasa da, bina sakinlərinə xeyli maddi ziyan dəymişdi. Həmin binanın da keyfiyyətsiz penoplast üzlüklər səbəbindən yandığı iddia edilir.
Ötən müddət ərzində binada hansı bərpa işləri görüldü? Evsiz qalmış bina sakinlərinin vəziyyəti necədi? Bu suallara cavab tapmaq üçün əraziyə yollandıq.
Öncə diqqətimizi qonşu bina çəkdi. Bir hissəsi penoplastlanmış binanın üzlükləri sökülürdü.
Yanğında evi yararsız hala düşən 63 mənzildən birinin sahibi Əhməd Sarıyev bildirdi ki, hər gün buraya gəlib, mənzilində aparılan təmir işlərinə nəzarət edir: “Yoxsa başqa cür mümkün deyil. Gərək başlarının üstündə dayanan olsun”.
Kompensasiya məsələsinə gəldikdə isə Ə.Sarıyev dedi ki, onlara ancaq kirayə haqqı kimi 500 manat verilib. İkinci ayın kirayə haqqını da alıb: “Ancaq tək bu 500 manatla yara sağalmır ki! Evdə heç nə salamat qalmayıb. Lap tutaq, pis-yaxşı təmir etdilər evi, mən gəlib ailəmlə orada quru döşəmənin üstündə yatası deyiləm axı. Yanğın olandan bəri hələ bir məmur bura gəlməyib. Xətai rayon İcra Hakimiyyətinin başçısı belə özünə əziyyət verib buraya gəlmədi. Ancaq müavinini göndərib bir neçə dəfə, vəssəlam. Bir söz də deyəndə “Hər şey yaxşı olacaq” cavabını verirlər. Bu, heç yaxşılığa doğru getmir axı” – zərərçəkmiş şikayətləndi.
Müsahibimizin təmir olunan mənzilinə də qalxdıq. Ə.Sarıyevin sözlərinə görə, mənzildə tavan ikinci dəfədir ki, rənglənir: “İlk dəfə tez-tələsik çəkdilər, tavanlar, divarlar heç sudan qurumamışdı onda. Sonra gördülər yaramır, qaşıyıb yenisini çəkirlər”.
“20 ildir ki, qəpik-qəpik pul yığıb, evi ev halına salmışdıq. Hər şeyimiz bir anda yanıb getdi. Bu, mənim günahımdır? Seçkilər olan zaman millət vəkilləri gəlir, ancaq belə iş olanda birini burada görməzsən” – deyir mənzilin sahibəsi Təranə Əliyeva.
Yanğından zərərçəkmiş Zülfiyyə xanım isə baş nazirin müavini Abid Şərifovun fikirlərindən narazıdır:
“Abid Şərifov görüşdə qonşulara deyib ki, siz o binada yaşayanlarla özünüzü müqayisə etməyin. Ağlınız ora getməsin (may ayının 19-da Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi nəzərdə tutulur -red.). Bu, nə deməkdir?! Mənim günahımdır ki, yanğında ölməmişəm? Yoxsa bütün bu yanğınlar bizim günahımızdır? Təbii ki, öləni geri qaytarmaq olmaz. Həmin insanlar üçün nə etsələr də azdır. Amma bunların sözlərindən elə çıxır ki, sağ insanın dəyəri yoxdur”.
Təranə Əliyevanın sözlərinə görə, mayın 23-də təmir işləri dayandırılıb. Buna səbəb isə fəhlələrə maaşının verilməməsi, tikinti materialları almağa maddi vəsaitin olmamasıddır: “Fövqəladə Hallar Nazirliyinin işçiləridir. Gedib şikayət edəndən sonra deyəsən maaşların veriblər, bir gün sonra yenidən təmir işlərini davam etdirdilər. Bir məmur da gəlib yoxlamır. Bəs bunlar o oturduqları kürsünün haqqını xalqa verməlidirlər, ya yox?!”
Bina sakinləri mayın 25-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da qəbulunda olublar.
Sakinlərin sözlərinə görə, H.Abutalıbov zərərçəkmişlər haqqında heç bir məlumat almadığını deyib. Bundan sonra zərərçəkənlər Xətai rayon İcra Hakimiyyətinə üz tutublar. Şikayitçiləri icra başçısının müavini qəbul edib. Amma sakinlər icra başçısı ilə görüşmək üçün israr ediblər. Bir saatdan sonra icra başçısı onları qəbul edib.
“İcra başçısı da deyir ki, heç nədən xəbəri yoxdur, ona heç bir siyahı verilməyib. Biz də yenidən Bakı İcra Hakimiyyətinə getdik. H.Abutalıbov dedi ki, Xətai İcra Hakimiyyətinə tapşırıq veriləcək, yaxın bir neçə gün ərzində sakinlərin itirdiyi əşyaların siyahısı meriyaya göndəriləcək” – deyə Təranə Əliyava bildirdi.