Abid Şərifov: Bakıda yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait lazımdı

İlham Şaban: İstifadə edilməyən Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılmasına ayrılan 200 milyon dollar ayırmaq lazım idimi?

Qadir İbrahimli: Əgər kanalizasiya sistemi yeniləşməyibsə, 2,5 milyard dollar dövlət investisiyaları necə xərclənib?

Source:
Abid Şərifov
Abid Şərifov



İlham Şaban: İstifadə edilməyən Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılmasına ayrılan 200 milyon dollar ayırmaq lazım idimi?



Qadir İbrahimli: Əgər kanalizasiya sistemi yeniləşməyibsə, 2,5 milyard dollar dövlət investisiyaları necə xərclənib?

Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirib.

Baş nazirin müavini A.Şərifov Ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmamasıdır.

Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur:

“Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.

Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda 50-60 il bundan qabaq isə cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də 50-60 il öncə salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.

İndi isə Bakı sürətlə inkişaf edir, bu, göz qabağındadır. Doğrudan da, bu şəhər böyüyür, əhalisi artır. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır”.

A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil:

“Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi əsaslandırmaları hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir”.

A.Şərifov təbii fəlakətlərin aradan qaldırılması zamanı Azərbaycan hökumətinin yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyib:

“Bir neçə il bundan qabaq Kür çayında suyun səviyyəsi kəskin şəkildə artmışdı, sel gəlmişdi. Ancaq mən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin rəhbərliyi dövlət başçısının tapşırığı ilə gedib Kür çayının ətrafında oturub, topoqrafik xəritə ilə gecə-gündüz çalışdıq və müəyyən etdik ki, haralara sel gələ bilər. Hətta, həmin vaxtı Kür ətrafı kəndləri gecə-gündüz gəzib yoxlayırdıq. Bilirdik ki, bir saatdan sonra Sabirabadın filan kəndini su basa bilər. Ona görə də biz həmin kəndin sakinlərini köçürüb, orada bəndvurma və bərkitmə işləri görürdük. Bütün bunların nəticəsində isə imkan vermədik ki, bir nəfər xəsarət alsın və sel insanlara ciddi ziyanlar vursun. Həmin vaxt Kür suyu kəndlərə sel gətirdi, ancaq xoşbəxtlikdən bir nəfər belə xəsarət almadı. Halbuki, sel təbii fəlakətdir və bununla insanın mübarizə aparması çətindir. Ancaq Avropa, Amerika və digər ölkələrin şəhərlərinə baxın. Hər dəfə bu şəhərlərdə baş verən təbii fəlakətlər nəticəsində nə qədər insanlar həyatını itirir. Yəqin ki, hər kəs televiziya kanalları vasitəsilə Avropa və Amerika ölkələrində baş verən təbii fəlakətlərin, daşqınların hansı fəsadlar törətdiyini izləyə bilər. Dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtları da suyun altında qalır”.

İlham Şaban

Ekspert İlham Şaban baş nazirin müavinin fikirlərinə öz “Facebook” səhifəsində belə reaksiya verib: “Abid Şərifov bəyan edib ki, yağış sularının daşınması üçün Bakı yollarının qazılması iqtisadi baxımdan səmərəli deyil. Onda sual vermək lazımdır: 2012-2013-cü illərdə hazırda nə sürücülər, nə də sərnişinlər tərəfindən istifadə edilməyən Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılmasına 200 milyon dollar sərf edilməsi və bu məqsədlə 1 il əvvəllər təmir edilmiş əksər Bakı yollarının darmadağın edilməsi iqtisadi baxımdan səmərəli idimi? Yoxsa Hökumət onda neftdən gələcək daha 100 milyard dollar vəsaitin necə xərclənməsi məsələsi planları üzərində baş sındırırdı…?”.

Qadir İbrahimli foto Meydan TV

Abid Şərifov açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli bildirib ki, indiyə qədər Bakının kanalizasiya sisteminin modernləşməsinə 2,5 milyard dollar dövlət investisiyaları ayrılıb. Əgər kanalizasiya sistemi yeniləşməyibsə, həmin pullar necə xərclənib? Abid Şərifovun açıqlaması kifayət qədər ciddi bəyanatdır. Onun söylədiklərindən belə çıxır ki, 2,5 milyard təyinatı üzrə xərclənməyib. Bununla paytaxtın kanalizasiya sistemi 50-60 il əvvəl qurulduğu şəkildə də fəaliyyət göstərir.

Qadir İbrahimli deyib ki, hökumət iri neft gəlirləri zamanı paytaxtın kanalizasiya sistemini yeniləməyibsə və ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyibsə, bundan sonra həmin sahəyə pul ayırmaq qeyri-mümkündür. Deməli, Bakı sakinləri uzun müddət belə bərbad kanalizasiya sistemiylə yaşamağa məhkumdurlar.

Ana səhifəXəbərlərAbid Şərifov: Bakıda yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait lazımdı