Abid Qafarovun həbsxanada kliniki ölüm keçirdiyi bildirilir

Foto: Abid Qafarovun şəxsi arxivindən

Penitensiar Xidmət aparıcının səhhəti ilə bağlı deyilənləri təkzib edib

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “Kim.tv” kanalının aparıcısı Abid Qafarovun həbsdə vəziyyətinin kəskin pisləşdiyi, hətta komaya düşdüyü barədə məlumat yayılıb.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, Abid Qafarov dekabrın 22-dən 23-nə keçən gecə kliniki ölüm keçirib. Bu, Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verib. Hazırda da onun durumu kritikdir. Bu barədə təşkilata Abid Qafarovun həyat yoldaşı məlumat verib.

Məlumatı Meydan TV-yə Abid Qafarovun yaxınları da təsdiqləyib.

Lakin Penitensiar Xidmət Abid Qafarovun durumunun ağır olması haqda iddiaları təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, dekabrın 22-də onun təzyiqi aşağı düşüb, dərhal həkimlər müayinədən keçirib:

“Hazırda səhhətində heç bir problem yoxdur. Bu gün (dekabrın 23-də) səhər qohumları ilə görüşüb. Komaya düşməsi yalandır, elə şey olmayıb”.

Abid Qafarov iyulun 13-dən həbsdədir, o, 1 il azadlıqdan məhrum edilib. Həmin gün Yasamal Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, Abid Qafarov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.

Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb.

Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur:

“Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.

Ana səhifəSiyasətAbid Qafarovun həbsxanada kliniki ölüm keçirdiyi bildirilir