“Ən yaxşı halda cəmi iki ay ibtidai istintaq olub, müstəntiq təcridxanaya cəmi 4 dəfə gəlib”
Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” şirkətlər qrupunun qurucusu Abdulla Abdullayev üzərində məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilib.
“Turan” İA-nin məlumatına görə, A.Adullayev martın 5-də verdiyi ifadəsini davam etdirib. “Birlikbank”ın digər banklardan götürdüyü kreditləri yubatmasına görə həbsə alınmasını əsassız və cəfəngiyyat adlandırıb. Səhmdarların seçkisilə bankın Müşahidə Şurasının sədri seçildiyini deyən iş adamı bu qurumun nəzarətedici orqan olduğunu, hər-hansı halda qərar vermək hüququ olmadığını aydınladıb. Bankın icraçı direktorunun, direktor müavini və kredit departamenti müdirinin 2011-ci ildə yol verdikləri səhlənkarlığa görə cəzalandırıldıqlarını nəzərə çatdırıb. “Elə həmin il də Mərkəzi Bankın qərarı ilə “Birlikbank”ın lisenziyası ləğv edilib, Mərkəzi Bank oraya inzibatçı təyin edib, köhnə heyət bankdan kənarlaşdırılıb. 2011-ci ildə “Birlikbank” əməkdaşlarına indiki maddələrlə cinayət işi qaldırılıb, məhkəmə prosesi keçirilib, öncə ağır cəza alsalar da, sonrakı mərhələdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib”.
Üstündən 4 il keçəndən sonra bu şəxslərin yenidən mühakimə olunmasını A.Abdullayev ədalətsizlik, qanunvericilik tələblərinin pozulması adlandırıb. Bankın fəaliyyətilə bağlı təqsirləndirilərək, həbs olunmasını A.Abdullayev istintaqın naşılığı kimi dəyərləndirib. “Bu kreditlərin çoxu banklararası kreditlərdir, müqavilə öhdəlikləridir, mənim bu işə nə aidiyyatım var?”, deyə iş adamı müstəntiqə sual ünvanlayıb. 350 səhifəlik və 82 cildlik istintaq materilalarında cəmi 50 səhifə oxumalı hissə olduğunu deyən A.Abdullayev qalan 300 səhifənin 7 təqsirləndirilən şəxslərə qarşı ittihamların təkrarlanması ilə doldurulduğunu söyləyib. “Elə ona görə də 82 qəpiyə dəymir”, deyə cinayət materiallarına münasibətini ifadə edib. Daha sonra A.Abdullayev müstəntiqi istintaq müddətini süni şəkildə uzatmaqda ititham edib. “11 ayl çəkdi istintaq. Ən yaxşı halda cəmi iki ay ibtidai istintaq olub, müstəntiq təcridxanaya cəmi 4 dəfə gəlib”, deyə durumu anladıb. O, ittihamı bütünlükdə əsassız və sübutsuz adlandırıb.
İstintaqın “çirkli pulların yuyulması” ilə bağlı ittihamını iş adamı təkcə özünə yox, bütünlükdə dövlətə qarşı hörmətsizlik adlandırıb. O, istintaqın çirkli pullar adlandırdığı 144 milyon manatından əksər hissəsinin banklararası kreditlər, müəyyən hissəsinin də müqavilə kreditləri olduğunu deyib. Beləliklə, istintaqın “çirkli pulların yuyılması” ittihamını dağıdıb.
Abdulla Abdullayev çıxışının sonunda ki, həbsdən sonra müxtəlif insanların arasında olduqca Azərbaycanda gerçəkdən nələr baş verdiyini öyrənir: “Mən indi başa düşürəm ki, adamların içində olmaq nə deməkdir. İndi görürəm ki, əslində, ölkədə, cəmiyyətdə nələr baş verir. Sən demə, mən həbsdən əvvəl heç nə bilmirəmmiş. Ətrafımdakılardan başqa heç nəyi görmürdüm. Ona görə də çox şeyi bilmirdim…”
Hakim Ə. Hacıyev məhkəmə prosesini martın 19-na kimi təxirə salıb.