Abbas Hüseynovun anası: Onu həbsxanada boğmağa cəhd ediblər

”Oğluma qarşı törədilən cinayətlərə son qoyulsun”

Source:
Rəhimə Hüseynova
Rəhimə Hüseynova


”Oğluma qarşı törədilən cinayətlərə son qoyulsun”

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və cəzasını Qobustan həbsxanasında çəkən Abbas Hüseynovun anası Rəhimə Hüseynova Penitensiar Xidmətin rəisi, general-mayor Ceyhun Həsənova müraciət edib.

R.Hüseynova məktubda oğluna qarşı işgəncələrin dayandırılmasını istəyir. Bildirir ki, əgər oğlunun səhhətində fəsad yaransa, başına bir iş gələrsə, buna görə bütövlükdə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır:

“Oğlum bundan əvvəl də işgəncələrə məruz qalıb. 2017-ci ilin yayında Qobustan həbsxanasında çarmıxa çəkilib. O zaman bu məsələ ictimailəşəndən sonra, hətta Penitensiar Xidmət də işə qarışdı. Bugünlərdə oğlum yenə Qobustan həbsxanasında işgəncəyə məruz qalıb. Heç bir səbəb olmadan “karsa” salınıb, oranın işçiləri tərəfindən zorakılığa məruz qalıb. Onu boğmağa cəhd göstəriblər. Üç gün əlləri qandallı saxlanılıb, nəticədə biləklərində yara əmələ gəlib.

Oğlum onsuz da heç bir cinayət törətmədiyi halda, həbs olunub. Heç olmasa, həbsxanada salamat yaşamasını təmin edin. Məruz qaldığı işgəncələr üzündən oğlumun səhhətində yarana biləcək problemlərə, onun təhlükəsizliyinə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır.

Mən ana kimi bəyan edirəm, həbsdən əvvəl oğlumun səhhətində problem olmayıb. Yaranan və yaranacaq bütün problemlərin səbəbi onun bu iki il yarım ərzində – istər həbs olunanda, istərsə də ondan sonra məruz qaldığı, bu gün də davam edən işgəncələrdir. Xahiş edirəm, oğluma qarşı törədilən cinayətlərə son qoyulsun”.

R.Hüseynova Meydan TV-yə bildirib ki, Penitensiar Xidmətin səlahiyyətli şəxsləri ilə görüşmək üçün mayın 1-də ora getsələr də, görüşə bilməyiblər. Ancaq rəisə yazdıqları məktubu çatdırıblar.

Abbas Hüseynov, foto: sosial şəbəkə
Abbas Hüseynov, foto: sosial şəbəkə

R.Hüseynova həmçinin Ombudsman Aparatında Adil Eyvazovla, Beynəlxalq Qırmızı Xaç Komitəsində Yevgeni Korokeviçlə görüşüb:

“Qırmızı Xaçın nümayəndələri bizə söz verdilər ki, gedib Qobustan həbsxanasında Abbasa baş çəkəcəklər”.

Penitensiar Xidmət A.Hüseynovun döyülməsi barədə yayılan məlumatları təkzib edib.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Nardaranda keçirdiyi, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı həbs olunub. O, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, dövlətin konstitusion quruluşunu dəyişmə kimi ittihamlarla məhkəmə önünə çıxarılıb. Onlar ittihamları rədd edib, yazılanların hamısının saxta olduğunu bildiriblər.

T.Bağırzadə, A.Hüseynov və digərləri həbs olunarkən və ondan sonra işgəncələrə məruz qaldıqlarını deyirlər.

A.Hüseynovun bundan əvvəl də Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov ona işgəncə verilməsi haqda mediaya açıqlamasına görə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.

Ana səhifəXəbərlərAbbas Hüseynovun anası: Onu həbsxanada boğmağa cəhd ediblər