Bacısı: “Ayağı şişib, qızdırma verir, müalicəyə qoymurlar”
Nardaran məhbuslarından Abbas Hüseynovun səhhətində ciddi problemlər var. Bu barədə Meydan TV-yə onun bacısı Sevinc Hüseynova məlumat verib.
Bacısı iddia edir ki, Abbasa verilən işgəncələr onun orqanizmində ciddi fəsadlar yaradıb: "Axırıncı dəfə Qobustan həbsxanasından aparılanda həbsxananın rəisi Aftandil Ağayev şəxsən özü ona işgəncə vermişdi. Onu qısa müddətə Kürdəxanı təcridxanasına köçürmüşdülər, oradan da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar. Qobustandakı İşgəncələrə görə ayağı şişib qaralmışdı, su gəlmişdi. Ona görə ayağını əməliyyat eləmişdilər".
S.Hüseynova bildirir ki, qardaşını Müalicə Müəssisəsindən 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər, hazırda da oradadır. A.Hüseynovun yenə də ayağındakı problemlər üzündən əziyyət çəkdiyini deyən bacısının sözlərinə görə, o, təcili müalicə olunmalıdır. Saxlandığı müəssisədə bu sahə üzrə həkim yoxdur, Müalicə Müəssisəsinə də köçürülmür: "Yenə ayağı şişib, qızdırma və ağrı verir. Oradakı həkim baxıb, o da deyib ki, köçürülməlidir. Köçürmürlər, ağrıdan əziyyət çəkə-çəkə qalıb".
Penitensiar Xidmət isə cəzaçəkmə müəssisələrində məhkumlara işgəncə verilməsi, onlara lazımi tibbi yardım göstərilməməsi barədə məlumatları təkzib edir.
A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində T.Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynov 20 il azadlıqdan məhrum edilib.
Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.