”Abbas Hüseynova ailəsi ilə görüşməyə icazə verilmir”

Vəkil təcridxana rəhbərliyinə göndərdiyi sorğulara cavab ala bilmədiyini deyir

Source:


Vəkil təcridxana rəhbərliyinə göndərdiyi sorğulara cavab ala bilmədiyini deyir

Bakı İstintaq Təcridxanasında saxlanılan Nardaran məhbusu Abbas Hüseynov mayın 5-dən cərimə kamerasına salınıb. Bu barədə Meydan TV-yə onun vəkili Fariz Namazlı məlumat verib.

O, mayın 10-da Abbas Hüseynovla görüşüb. Vəkil bildirib ki, mayın 5-də bir qrup təcridxana əməkdaşı onun qaldığı kamerada axtarış aparıb. Bu axtarış gün ərzində 3 dəfə davam edib. Axtarışlarda qanunsuz heç nə tapmayan əməkdaşlar A.Hüseynovu cərimə kamerasına salıblar. Bu zaman ona hansı qanun pozuntusunu etməsi, cərimə kamerasına salınma səbəbi barədə məlumat verilməyib, onun izahatı alınmayıb, A. Hüseynova inzibati tənbeh qərarı təqdim edilməyib:

“Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş İsitntaq Təcridxanalarının Daxili İntizam qaydalarının 34.3 bəndinə görə, tənbeh tədbiri qismində cərimə təcridxanasına yerləşdirilmə barədə qərar həbs edilmiş şəxsə istintaq təcridxanasının rəisi və yaxud onun tapşırığı ilə müəssisənin digər əməkdaşı tərəfindən elan edilir.

Həmin qaydaların 33.2-ci bəndinə görə, tənbeh tədbiri istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti həbs edilmiş şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır”.

Vəkilin sözlərinə görə,  Abbas Hüseynov Bakı İstintaq Təcridxanasında saxlanıldığı dövrdə dəfələrlə cərimə kamerasına salınıb, hər dəfə ona hansı qayda pozuntusu barədə məlumat verilməyib və inzibati tənbeh haqqında qərar təqdim edilməyib.

Bununla bağlı vəkil bir neçə dəfə sorğularla Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərova müracət edib, lakin indiyə qədər bu sorğulara cavab verilməyib:

“Abbas Hüseynova bir neçə dəfə təcridxana rəhbərliyində olan şəxslər tərəfindən hədə-qorxular edilib. Belə ki, həmin şəxslər Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasına getdiyi zaman onun üçün yaxşı olmayacağını, səsinin kəsiləcəyini bildiriblər. Bu xəbərdarlıqlar bir neçə dəfə baş verib.

Abbas Hüseynov ona ailə üzvləri ilə görüş verilməməsindən də şikayətçidir. Həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququnun olmasına baxmayaraq, bu hüququn həyata keçirilməsinə təcridxana əməkdaşları mane olur. Nəticədə Abbas Hüseynov ayda bir dəfə ailəsi ilə görüşə bilir”.

Vəkil onu da bildirdi ki, təcridxana rəhbərləyinin qanunsuz əməlləri barədə yuxarı qurumlara şikayət verəcək.

A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdən sonra tutulub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Ana səhifəXəbərlər”Abbas Hüseynova ailəsi ilə görüşməyə icazə verilmir”