Abbas Hüseynov: Həbsimiz İlham Əliyevin sifarişi ilə olub

''Nardaran işi''-nə görə həbs edilənlərin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan digərlərinin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Şahin Yusifovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Abbas Hüseynov və Abbas Quliyev iştirak edib. Hər iki şəxs və təqsirləndirilən Şamil Abduləliyev ötən iclasda məhkəməyə ərizə yazaraq iclasda iştirak etmək istədiklərini bildirmişdilər. Onlardan Şamil Abduləliyev səhhətində yaranan problemə görə iclasda iştirak edə bilməyib.

Ş.Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı güllələnib və həmin güllələr onun bədənində indiyə kimi qalır. Vəkillər bu gün iclasda bildiriblər ki, Ş.Abduləliyev hərəkət qabiliyyətini itirə bilər.

İclasda Abbas Hüseynov vəkillərinin yanında əyləşməsi, digər təqsirləndirilən şəxslərin də məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. A.Hüseynov çıxışında günahsız olduqlarını, sifarişlə həbs edildiklərini deyib:

“Həbsimiz İlham Əliyevin sifarişi ilə olub. Siyasi məsələ olduğuna görə, məhkəmədən nəsə gözləmirəm. Bu işdə ədalətli qərar vermək üçün insan vicdanlı olmalıdır”.

A.Hüseynovun sonda hakimlərə müraciət edib:

"Bir var, Allahın dostu olub haqqı müdafiə edəsən, bir də var Şeytanın dostu olub nahaqqı. Bunlardan birini özünüz seçin”.

İclasda vəkil Nemət Kərimli çıxış edərək deyib ki, təqsirləndirilən şəxslər barəsində çıxarılan hökm əsassızdır. Vəkil birinci instansiya məhkəməsində bir çox vəsatət verdiklərini, lakin təmin edilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə iclas protokollarında təhrifə yol verilib:

"İstintaq və məhkəmə bu işə qərəzlə yanaşıb. Şamil Abduləliyevin bədənindən niyə güllələri çıxarmırlar? Niyə ona zülm eləyirlər? Faşizm əsirliyində belə hallar olurdu.

Əməliyyat zamanı saxlanılan şəxslərdə silah olmayıb. Həmin evə hücum edib adamları güllələyiblər".

Vəkil həmin şəxslərə bərəat verilməsini istəyib.

Müşavirədən sonra hakim qərarı elan edib. Qərara görə, şikayətlər təmin edilməyib. Hökm qüvvəsində saxlanılıb.

2015-ci il noyabrın 26-da Nardadanda keçirilən əməliyyat zamanı Taleh Bağırzadə və digərləri həbs edilib. T. Bağırzadə bundan əvvəl də bir neçə dəfə həbs edilib.

O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb və həbsinin əsas səbəbi kimi də çıxışlarını göstərir. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib. Bundan sonra təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gc9k25

Ən çox baxılan