“Onun humanitar əsaslarla azadlığa buraxılmasını xahiş etmişəm”
Avropa Birliyinin ali nümayəndəsi və nüvə danışıqlarında baş müzakirəçi Enrike Mora (Enrique Mora) İran hökumətini İran-İsveç vətəndaşı olan Əhmədrza Cəlaliyə qarşı çıxarılan edam hökmünü ləğv etməyə çağırıb.
O, mayın 13-də özünün “Twitter” hesabında paylaşım edib:
“Hələ Brüsselə səfərimin davamını gözləyərkən qeyd etmək istəyirəm ki, Tehranda Əhmədrza Cəlalinin edamının dayandırılmasının zəruriliyini qaldırmışam və onun humanitar əsaslarla azadlığa buraxılmasını xahiş etmişəm”.
Enrike Mora mayın 10-da nüvə danışıqlarının davam etdirilməsinə mane olan şərtləri müzakirə etmək üçün Tehrana səfər etmişdi.
Əhmədrza Cəlali əslən azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabrında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
Bu il mayın 4-də Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin ayın 21-dək edam olunacağı xəbəri yayıılıb.
İranın İSNA xəbər agentliyinin məlumatına görə, İsveçdə hərbi cinayətlərdə şübhəli bilinən keçmiş iranlı məmurun məhkəməsi başa çatarkən, İranda İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş İsveç-İran vətəndaşı bu ay edam olunacaq.
İranın məhkəmə sistemi hələ ki, məsələyə münasibət bildirməyib. İsveç Xarici İşlər Nazirliyi dərhal şərh verməyib, lakin İsveç keçmişdə Cəlalinin ölüm hökmünü pisləyib.
Bu açıqlama 2019-cu ildə İsveç səlahiyyətliləri tərəfindən həbs edilmiş İran prokurorluğunun keçmiş məmuru Həmid Nurinin Stokholmda məhkəməsi bitməzdən bir müddət əvvəl verilib. Hələlik hökm elan edilməyib.
Günahı sübuta yetirilərsə, Nuri beynəlxalq müharibə cinayətləri və insan haqlarının pozulması ittihamı ilə maksimum ömürlük həbs cəzası gözləyir.
Nuri 1988-ci ildə İranın Kərəc şəhərindəki Qohərdəşt həbsxanasında hökumətin sifarişi ilə edam edilən siyasi məhbusların öldürülməsində aparıcı rol oynamaqda ittiham olunur. “Amnesty International” 2018-ci il hesabatında edam edilənlərin sayının 5000-ə yaxın olduğunu bildirib.
İsveç qanunlarına əsasən, məhkəmələr İsveç vətəndaşlarını və digər vətəndaşları xaricdə beynəlxalq hüquqa zidd cinayətlərə görə mühakimə edə bilər.
İranın Xarici İşlər Nazirliyi isə bu ayın əvvəlində İsveç səfirini “İsveç prokurorunun Nurinin məhkəməsi zamanı İrana qarşı irəli sürdüyü əsassız və uydurma ittihamlara” etiraz etmək üçün çağırıb”.
Keçən il BMT-nin İranda insan haqları üzrə müstəntiqi 1988-ci ildə dövlət sifarişi ilə həyata keçirilən edamlar və prezident İbrahim Rəisinin o zaman Tehran prokurorunun müavini kimi oynadığı rolla bağlı iddiaların müstəqil araşdırılmasına çağırıb.
İddialarla bağlı sualı cavablandıran Raisi iyun ayında seçildikdən sonra jurnalistlərə açıqlamasında milli təhlükəsizliyi və insan haqlarını müdafiə etdiyini bildirib.
İranın İnqilab Mühafizəçiləri son illərdə əsasən casusluq ittihamı ilə onlarla ikili vətəndaşı həbs edib. Hüquq müdafiəçiləri İranı onlardan alver predmeti kimi istifadə etməkdə ittiham ediblər. İkili vətəndaşlığı tanımayan İran diplomatik təsir rıçaqları əldə etmək üçün əsir götürməyi inkar edir.
Bununla belə, İran bir neçə həbsdə olan əcnəbi və ikili vətəndaşı xaricdə saxlanılan iranlılarla dəyişdirib.