Zərdüşt Əlizadə
Bu neft pulları ata malıdır, kefin istəyən kimi xərclə
Simasından zəka yağan nazirlərimizdən birisi əhaliyə muştuluq verdi: dövlət taksi xidmətləri sahəsini tənzimləməyə başlayacaq.
Mən heç, mənim şəxsi minik avtomobilim var və taksidən çox nadir hallarda istifadə edirəm. Fəqət xeyli sayda dost-tanışım var ki, taksi maşınlarına minir və taksi bazarında azad rəqabət sayəsində ayaq tutmuş ucuzluğa görə Allah-təalaya durmadan şükr-səna edir.
Nazirin bu muştuluğundan sonra mənim onlara yazığım gəlir. Dövlət məmurları taksi bazarına müdaxilə edəcəklər, onu bahalaşdırıb ciblərini dolduracaqlar. Buna heç kəsin şübhəsi yoxdur və ola da bilməz. Müasir Azərbaycanın son 30 illik tarixi bunu danılmaz tərzdə sübut edir. Dövlət məmurları hara soxulursa, ora quraqlıq düşür, vəziyyət ağırlaşır, vətəndaş soyulur.
Dünyamiqyaslı taksi şirkətləri Azərbaycana gəlməmişdən əvvəl ümid qalmışdı bizim milli taksi sürücülərinin mərhəmətinə, onlar da milli adət-ənənəyə uyğun olaraq müştərinin tək pulunu deyil, az qala canını alırdılar. AzTV-dən BDU-ya məsafə heç iki kilometr olmaz, taksi sürücüləri bu məsafəyə görə beş manatdan az tələb etmirdilər. İndi müştəri bu məsafəyə görə bir manat ödəyəndə, sürücü təşəkkür edir.
Ucuzluğa baxmayaraq, taksi bazarında qazanc da, gəlir də var, olmasaydı, taksilərin sayı artmazdı.O şey ki, gəlir gətirir, onun sayı artır. Bakıda indi nə qədər aptek var? Nə qədər bərbərxana, gözəllik salonu açılıb? Nə qədər supermarket şəhəri bürüyüb? Bütün bu ticarət və xidmət məntəqələri gəlirlə işləyir. Fəqət o məntəqələrə ki, dövlət əl qoyub, orada bahalaşmanın qarşısını heç bir azad bazar qanunları ala bilmir, çünki bu sahəni bazar qanunları deyil, əsasında məmur iştahı duran dövlət özbaşınalığı tənzimləyir.
Bakıda mənzil tikintisinə dövlət ərbabları soxulmamışdan əvvəl mənzilin bir kvadratmetri 250-300 dollardan yuxarı deyildi. Elə ki, dövlət məmurları mənzil tikintisi bazarına girdilər, qiymətlər üçqat, beşqat yuxarı sıçradı. Varlığa nə darlıq! Vətəndaşın ağzı nədir dillənsin, polis onun dilini dibindən kəsər. Təki pul gəlsin!
Bu, həmin bizim məmurlar deyilmi ki, Qərb ölkələrində kilometri 1 milyon 500 min dollara başa gələn eyni yolu Azərbaycanda 10-15 milyon dollara çəkirlər?
Bu neft pulları ata malıdır, kefin istəyən kimi xərclə!
Bəs gələcək nəsillər? Gələcək nəsillər də, indiki nəsil də qələt edir, başını divara vurur.
Nə olsun ki, 30-40 illik təmirsiz istifadə üçün nəzərdə tutulmuş yollar 2-3 ildən sonra başlayır dağılmağa. Nə olsun? Hörmətli Ziya Məmmədovun oğlu Londonda topdağıtmaz, azı 100 milyon funt sterlinq dəyərində mülkün sahibidir. Ziya müəllim isə doğma rayonunda fermerlik edir.
Sovet dövründə Azərbaycan kəndlisi birtəhər dolanırdı. Müstəqillik illərində dövlət qeyri-neft sektoru sayılan kənd təsərrüfatına xeyli pul ayırdı. İki yol var idi: bu pulu kəndli babaya verib ona şərait yaratmaq, ya da məmura tapşırmaq. Təbii ki, məmurlar ən düzgün yolu seçdilər və çırmalanıb girişdilər kəndistanın işlərinə. Dövlət özü!
Belə mühüm işi kəmsavad kəndliyə etibar etmək əsla olmazdı!
Parlaq nəticələr göz önündə! Un və şəkər bahalaşıb, ətin qiyməti ceyran belində, əsas ərzaq xaricdən alınır, kənd əhalisi paytaxta axışır… İki sabiq kənd təsərrüfatı nazirinin oğullarının hərəsi Londonda əla villa alıb bahalı maşınlarda gəzir. Hərəsinin həyat tərzi hesablarında azı 100 milyon funt olduğunu sübut edir.
Əgər az təxmin etmişəmsə, keçin günahımdan, yazın mənim daimi kasıblığımın ayağına.
Qarabağ ətrafında böyük xam, şumlanmamış Haramı çölü var idi, aran Qarabağın kəndliləri ondan örüş kimi istifadə edir, orada on minlərlə baş mal-qara, qoyun-quzu saxlayırdı. Ət gedirdi kəndlinin öz yeməyinə, şəhər bazarlarına.
Elə ki, məmurlar bunu gördülər, lazımi “inkişaf, tənzimləmə və yaxşılaşdırma” təklifləri hazırlanıb getdi ali məqama və qoyuldu masanın üstünə. Mübarək imza atıldı və məmurlar haramı kimi girişdilər Haramı çölünə, kəndliləri oradan, prezident demişkən, “iti qovan kimi” qovdular və örüşü müxtəlif Bakı MMC-ləri arasında bölüşdürüb şumladılar.
Kəndli heyvanatını satıb üz tutdu şəhərə və qürbətə, məmur MMC-ləri isə, təbii ki, ölkəni ərzaq ilə təmin edə bilmədilər. Amma məhsul sığortası adı ilə yaxşıca qazandılar.
Dövlətin cəmiyyətə mütləq ağalıq hərisliyinin qaçılmaz nəticələri barədə daha bir kədərli hekayət vətəndaş cəmiyyəti və partiyalarla bağlıdır. Hansından başlayım? Hər ikisini yaxından və bilavasitə bilirəm.
6 il Açıq Cəmiyyət İnstitunun (Soros Fondu) rəhbərliyində vətənini təmənnasız sevən ləyaqətli və savadlı 7-8 nəfər ziyalı ilə yanaşı çalışmışam. Hər il aşkar tərzdə xaricdən Azərbaycana gələn təxminən 3 milyon dollar pulu aşkar rəqabət və müsabiqə əsasında ölkəmizdə təzəcə təşəkkül tapan vətəndaş cəmiyyəti dərnək və özəkləri arasında bölüşdürürdük. Hansı məqsədlərə? Vətəndaşların siyasi bilik və vərdişlərinin təkmilləşdirilməsinə, vətəndaş cəmiyyətinin dövlət işlərinin gedişatına nəzarət hüququnun gerçəkləşdirilməsinə, məktəblilərin kompüter biliklərinin artırılmasına, bələdiyyələrin fəaliyyətinin dəstəklənməsinə, dövlət vəsaitinin oğru məmurlar tərəfindən mənimsənilməsinin məhdudlaşdırılmasına.
Mən bu 6 illik fəaliyyətimlə fəxr edirəm, həmkarlarımla birlikdə Sorosun pullarını ölkəmizdə gerçək, sağlam xalq hakimiyyətinin təməlinin möhkəmləndirilməsinə yönəltmişəm.
Çox güman ki, fəaliyyətimizdə narazılıq doğuran məqamlar olub. Qrant iddiaçısı çox, məbləğ məhdud, kimsə alanda, kimsəyə çatmayanda, bunu haqsızlıq sayıblar. Soros Fondu tənqid və müzakirəyə daim açıq idi.
Fondun ən böyük uğuru dövlət məmurunun əlinə baxmayan cəsarətli, demokratik dəyərlərə sadiq və dikbaş gənc zümrənin təşəkkülü oldu. Bu zümrə 2003 və 2005-ci illərin prezident və parlament seçkilərini demək olar ki, tam müşahidə edə bildi və ortaya hakimiyyətin total saxtakarlığını sübut edən danılmaz dəlillər qoydu.
Buna məmurlar artıq dözə bilməzdi. Nəhəng təzyiq, böhtan və yalan maşını işə düşdü, xarici donor təşkilatları ölkədən çıxarıldı.
Nəyin əsasında? Gülməyin, əziz və dəyərli milli suverenlik nağılı yenə işə düşdü. “Biz imkan vermərik yad xarici əllər bizim əziz suverenliyimizə uzansın, erməni işğalçısı ilə səs-səsə verib bizim doğma dövlətimizin müstəqil siyasətinə kölgə salsın” və sairə və ilaxıra.
Saltıkov-Şedrin necə də sərrast deyib: “Son vaxtlar nəysə vətənpərvərlikdən çox danışırlar, çox güman, həddən ziyadə oğurlayıblar”.
Bu fəndlə hər il ölkəmizə müxtəlif donor təşkilatlarından gələn azı 20 milyon dolların yolunu kəsdilər. Hakimiyyət özü hər il xaricdən yüz milyonlarla inkişaf üçün qrant alıb heç bir inkişafa yol vermirdi, fəqət qrant almağı vətəndaş cəmiyyəti üçün vətənə xəyanət həddinə çatdırmışdı.
Nəticədə Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti yox dərəcəsinə endi. Qərbdən Cənubi Qafqaz üçün ayrılan pullar yönəldi Ermənistana və Gürcüstana.
Azərbaycanın qeyri-hökumət təşkilatları isə yeni, dövlət oyununa cəlb edildilər. “QHT-lərə Dövlət Dəstək Fondu” təsis edildi, onun rəhbərliyinə hakimiyyətə sözsüz və səssiz sadiq bir vücud təyin olundu və dövlətdən qrant almaq istəyənlərə təzə oyunun şərtləri elan edildi. Təbii ki, bu yeni şərtlərə görə məmurların əyri işlərini ifşa etmək olmazdı, vətəndaş cəmiyyəti fəalları özlərini “abırlı” aparıb xalq malını talayan məmurlara qarşı tənqidi söz deyə bilməzdi. Qrantlara deputatlar, onların qohumları girişdi, hamısı dövlətin pulu hesabına vətənpərvərliklə məşğul olmağa başladı.
Son acı hadisə Laçın yolu ilə bağlıdır. Ekofəalların piketi bağlanandan sonra vətən naminə soyuqda-qarda cəfa çəkmiş “dövlət fəalları” gəliblər onlara vəd edilmiş adambaşına 10-15 min manat qrant dalınca. Onların hərəsinə 5-6 min ayrılıb. Bu haqsızlığa dözməyən vətənpərvər ekoloqlar Preziden sarayının qarşısında etiraz piketi təşkil edib tələblərini səsləndiriblər. Bu zaman onların demək olar ki, 6 aylıq piket təcrübəsi karlarına gəlib.
Səs yayılıb gedib çatıb İrəvana. Erməni cəmiyyəti indi Azərbaycanı lağa qoyur. Deyirlər ki, bu turkes məmurları Qarabağ ermənilərini də aldadacaqlar, onların evlərinin, torpaqlarının pulunu mənimsəyəcəklər.
İnsafən, dövlətimizin yetişdirdiyi ekofəallar elə dövlətimizə layiqdirlər.
Dövlətimizin ikinci “böyük uğuru” siyasi partiyalar sahəsindədir. Uzaq Moskvadan, sonra isə daha yaxın Naxçıvandan Bakı hakimiyyətinə qarşı döyüşən müxalifət maralları ilə bəzən həmrəy, bəzənsə müttəfiq olan Ulu öndər hakimiyyət sükanından yapışan kimi valı çevirdi. Əvvəl dünənki müttəfiqi olan silahlı müxalifəti məhv etdi, sonra başladı dinc, silahsız müxalifətin zərəsizləşdirilməsi əməliyyatına. KQB təlimat kitablarında yazılmış bütün zəngin təxribat və təzyiq cəbbəxanası işə salındı, satınalmadan, kompromat tədarükündən tutmuş klassik ”ayır-buyur” fəndinə qədər. Bu işdə onun əvəzedilməz əlaltısı Ramiz Mehdiyev oldu. Əminəm ki, bu adamın həyatının ən şirin anları növbəti müxalifət partiyasının və ya liderinin çıxdaş edilməsi olmuşdu. Təbii ki, xalq malının gözəgələsi parçasının həzme-rabe edilməsi əməliyyatlarından sonra.
Azərbaycan Sosial-Demokrat Partiyasının ən böyük siyasi uğuru 1994-cü ildə Sosialist İnternasionalının Budapeşt konqresində Fransa Sosialist və Daşnaksutyun partiyalarının kəskin etirazına rəğmən Ermənistanı təcavüzkar elan edən qətnamənin qəbulu oldu. Konqresdən sonra ATƏT-in sammiti başlayırdı və konqresdə bu qətnaməyə səs vermiş hökumət başçıları sammitə qatılırdılar. Biz sevinə-sevinə bu qətnamə sənədini Azərbaycanın hökumət nümayəndə heyətinin poçt qutusuna saldıq. Gözlədik ki, bu qətnamədən kəsərli siyasi silah kimi istifadə edəcəklər.
Heyhat, Ulu öndərin tükü belə tərpənmədi. Onun öz qayğıları, öz nəqşəsi var idi. Bu nəqşəyə görə ASDP məhv edilməli idi, edildi də. Tək o yox, Azərbaycanda demək olar ki, bütün siyasi təşkilatlar çıxdaş edilib. Dünyanın siyasi partiya xəritəsində Azərbaycan adlı məkan yoxdur.
Görünür, hakimiyyətin fikrinə görə, bu yoxluq ən böyük nailiyyətdir.
44-günlük müharibədə qələbədən sonra əhalinin əksər hissəsi dünya işlərinin gedişatı barədə təsəvvürlərini unudublar. Guya həyat tək Qarabağın qaytarılmasından və neft-qaz gəlirlərinin xərclənməsindən ibarətdir.
Əminəm ki, həyat bu yanlış təsəvvürü tarmar edəcək.
Dövlətimizin siyasətinə tamaşa etdikcə yadıma Molla Pənah Vaqifin sözləri düşür:
“Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim”…