Prokurorluq kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pulun ölkəyə qaytarılmadığı deyir
Kənd təsərrüfatı məhsullarının xaricə satışından əldə olunmuş 95 milyon dollara yaxın pulun ölkəyə qaytarılmadığı bildirilir.
Buna görə bir sıra şəxslər həbs olunub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarların pulu Azərbaycana qaytarmaması haqda Dövlət Gömrük Komitəsindən materiallar daxil olub.
Həmin materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə cinayət işləri başlanıb.
Bildirilir ki, Rüfət Qarayev, Elnur Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov və digərləri “Land Lojistics”, “International Lojistics” adlı şirkətlər təsis ediblər.
Bu şirkətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayıb, əldə olunan ümumilikdə 85.5 milyon dollardan artıq pulu (145,4 milyon manatdan artıq) Azərbaycandakı müvəkkil bankın hesabına qaytarmayıblar.
Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.
Rüfət Qarayev, İbrahim Lalayev və Muxtarov Elməddin barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.
Elnur Qarayevin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onun haqqında istintaq dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, Nizami Abdullayev, Elşad Rzayev və digərlərinin təsis etdikləri “Fresh Fruits Az” MMC ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayıb.
Əldə olunan ümumilikdə 8,8 milyon dollardan artıq pulu (15 milyon manatdan artıq) Azərbaycandakı müvəkkil bankın hesabına qaytarmadıqları deyilir.
Adları çəkilən şəxslərə qarşı da Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2, 313-cü və digər maddələri ilə ittiham irəli sürülüb.
Nizami Abdullayev həbs olunub, Elşad Rzayev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriyadan olan materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pulları Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluqda istintaq aparılır.