ƏSF: “Texnikabank” ASC və “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri sentyabrın 8-dən etibarən Fondun Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət etməlidirlər
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fəaliyyətini dayandıran 9 bank üzrə 239 mln manatdan artıq kompensasiya ödəyib. Bu barədə ƏSF məlumat yayıb.
Avqustun 1-dən sentyabrın 6-dək “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 mln 933 min, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40 mln 581 min, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 mln 434 min, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln 758 min manatdan artıq kompensasiya ödənilib.
Dörd bank üzrə 81 mln 706 min manatdan artıq kompensasiya verilib.
Sentyabrın 6-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 11 mln 97 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln 514 min manatdan artıq kompensasiya ödənilib.
İki bank üzrə 12 mln 611 min manatdan artıq kompensasiya ödənib.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24 mln 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 554, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 119 mln 709 min manatdan artıq kompensasiya ödənilib.
Üç bank üzrə 144 mln 725 min manat kompensasiya verilib.
ƏSF bildirib ki, “Texnikabank” ASC və “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri sentyabrın 8-dən etibarən Fondun Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət etməlidirlər.
2016-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 9 bank bağlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə yanvarın 18-də “Bank of Azerbaijan” ASC-nin , yanvarın 22-də “Gəncəbank” ASC-nin, fevranlı 2-də isə “Teknikabank” ASC-nin bank lisenziyası ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 avqust tarixli Qərardadı ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
Bağlanan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişini ƏSF həyata keçirir.