9 ayda Ukraynadan 18 min dollarlıq kartof alınıb

Vahid Məhərrəmov: ”Azərbaycan kartofa olan tələbatını nəinki ödəyə bilməyəcək, idxaldan tam asılı durumda olacaq”

Source:


Vahid Məhərrəmov: ”Azərbaycan kartofa olan tələbatını nəinki ödəyə bilməyəcək, idxaldan tam asılı durumda olacaq”

Cari ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib.

“Report”-un məlumatına görə, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında üçüncü yerdədir. Siyahının birinci pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan ikinci yerdədir (45 min dollar məbləğində).

Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov xəbəri şərh edərkən Meydan TV-yə deyib ki, Azərbaycanın ənənəvi əkinçilik sahəsində də çox ciddi geriləmələr var. 4-5 il əvvəl daha çox kartof, buğda istehsal olunurdu və başqa məhsulların istehsalı da indikindən çox idi. Son 3-4 ildə ölkəyə gətirilən kartofun həcmi kifayət qədər yüksəkdir. 2015-ci ildə 150 min ton kartof idxal olunub, bu ilin yarısında isə 110 min ton. Bu, ilin sonuna qədər kartof idxalının davam edəcəyini və rəqəmin 200 min tona gəlib çatacağını deməyə əsas verir.

Vahid Məhərrəmov foto Meydan TV

“Problem ondan ibarətdir ki, xəbərdar etməyimizə baxmayaraq, hökumət idxala üstünlük verirdi. İdxalla məşğul olan məmur-oliqarxların marağının qorunması Azərbaycan kənd təsərrüratında ciddi problemlərə yol açacaq. Təəssüf ki, hökumətdəkilər öz merkantil maraqlarını güdərək, kartof idxalını ciddi şəkildə artırdılar. Oliqarxların gətirdikləri kartofun keyfiyyətinə ciddi nəzarət olmadığından çox təhlükəli zərərvericinin yumurtası gətirildi. Artıq Gəncə və Qazax bölgəsində kartof istehsalıyla məşğul olmaq qeyri-mümkündür. Səbəb kartof güvəsinin geniş yayılmasıdır. Ölkə bazarlarında belə məhsulların bazardan çıxarılması halları da çoxdur. Buda ondan xəbər verir ki, Azərbaycan kartofa olan tələbatını nəinki ödəyə bilməyəcək, idxaldan tam asılı durumda olacaq. Yaranmış vəziyyət hökumətin inhisarçı siyasətinin nəticəsidir”,-deyə Vahid Məhərrəmov fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlər9 ayda Ukraynadan 18 min dollarlıq kartof alınıb