87 yaşlı qadını tövlədə bağlamaqda ittiham olunan şəxsin məhkəməsi başlayacaq

Cinayət işinin materiallarında iddia olunur ki, Qəzənfər Hacıyevin bibisi qızı Səkinə Həsənova 20 ildir ki, onun himayəsindədir. Səkinə Həsənovanın ruhi xəstə olduğu bildirilir.

Foto: Azərtac


74 yaşlı Qəzənfər Hacıyev bibisi qızının pensiyasını da mənimsəməkdə ittiham olunur

Gədəbəydə 87 yaşlı bibisi qızını tövlədə taxtaya bağlayıb saxlamaqda ittiham olunan Qəzənfər Hacıyev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Onun haqqında cinayət işinin istintaqı yekunlaşıb, iş materialları baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

74 yaşlı Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Amma o, həbsdə deyil, istintaq dövrü üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hadisə Gədəbəy rayonunun Novoivanovka kəndində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, Qəzənfər Hacıyevin bibisi qızı Səkinə Həsənova 20 ildir ki, onun himayəsindədir. Səkinə Həsənovanın ruhi xəstə olduğu bildirilir.

"Qəzənfər Hacıyev bibisi qızı Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütəmadi olaraq döyüb. Onu boğazından iplə taxtaya bağlamaqla, qanunsuz azadlıqdan məhrum edib. Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabrından 2021-ci ilin may ayına qədər mədaxil olunmuş ümumilikdə 7056 manat pulu mənimsəyərək, öz ehtiyaclarına xərcləyib", – Baş Prokurorluğun məlumatında bildirilir.

Qəzənfər Hacıyevin ittihamlara münasibəti məlum deyil.

Baş verənlərin üstü açılandan sonra Səkinə Həsənova Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birinə yerləşdirilib.

Ana səhifəBölgə87 yaşlı qadını tövlədə bağlamaqda ittiham olunan şəxsin məhkəməsi başlayacaq