Baş həkim və müavini məhkəmə zalında həbs olundu

Foto: Meydan TV

Hakim hökmü elan etdi

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev və onun müavini olmuş Zinyət İsmayılova yarım milyon manatdan çox yeyintidə təqsirli bilinərək, məhkəmə zalında həbs olunub. Bu, mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

1992-2021-ci illərdə baş həkim vəzifəsində işləmiş 85 yaşlı Rəsul Baxşəliyev, müavini Zinyət İsmayılova, xəstəxananın başqa bir həkimi Afət İbrahimova və bağban kimi rəsmiləşdirilmiş, əslində isə sürücü kimi fəaliyyət göstərən Əli Əliyev birlikdə mühakimə olunurdu. Onlar ümumilikdə 629 min manatlıq mənimsəmədə ittiham edilir
https://www.meydan.tv/az/article/prokuror-85-yasli-bas-hekime-11-il-hebs-cezasi-istedi/.

İttihama əsasən, xəstəxanada onlarla adamın adı işçi kimi rəsmiləşsə də, maaş kartı Zinyət İsmayılovada olub. Maaş vaxtı gələndə Zinyət İsmayılova, yaxud Afət İbrahimova, Əli Əliyev gedib bankomatdan pulu çıxarıb və gətirib, baş həkimə verib. İddia olunur ki, çıxarılan məbləğin əsas hissəsi baş həkimə çatsa da, digər təqsirləndirilən şəxslərə də müəyyən vəsait qalıb.

Adı işçi kimi rəsmiləşmiş şəxslərə isə faydası bu olub ki, onlara staj yazılıb.

Aylarla davam edən məhkəmə prosesinin yekunu olaraq, Rəsul Baxşəliyev 10 il 6 ay, Zinyət İsmayılova isə 5 il azadlıqdan məhrum edilib. Onlar istintaq və məhkəmə dövründə həbsdə deyildi. Ona görə hər ikisi hökmdən sonra məhkəmə zalında həbs edilib.

Digər iki təqsirləndirilən şəxsə isə şərti cəza verilib.

Məhkəmədə Rəsul Baxəliyev özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, 2009-2021-ci illərdə kartlardan çıxarılmış vəsaitlərin məbləği 629 min manat olmayıb: “Məbləğlə razı deyiləm, o qədər olmayıb”.

O, həm də bu işi təkbaşına görmədiyini vurğulayıb:

“Mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm”.

Rəsul Baxşəliyev əməlindən peşman olduğunu əlavə edib.

Zinyət İsmayılova özünü qismən təqsirli bildiyini vurğulayıb. O bildirib ki, verilən göstərişləri yerinə yetirib. Onun sözlərinə görə, kartlar təqdim olunub, o da gedib çıxarıb, gətirib pulları təhvil verib.

Afət İbrahimova da özünü qismən təqsirli bildiyini deyib. O isə özündə olan bir neçə kartdan çıxardığı pulları baş həkimin müavininə verdiyini söyləyib.

Bağban-sürücü Əli Əliyev isə ümumiyyətlə, özünü təqsirli bilmir.

“Mən sadəcə, sürücü işləmişəm, nə pul görmüşəm, nə də pul yemişəm”, – Əli Əliyev bildirib.

Rəsul Baxşəliyevin vəkili bildirib ki, cinayət işi üzrə dəymiş ziyan kimi göstərilən məbləğdən 300 min manatdan çox vəsait ödənilib: “Rəsul Baxşəliyevin nəyi varsa, ödəyib. Heç nəyi qalmayıb”.

Ana səhifəXəbərlərBaş həkim və müavini məhkəmə zalında həbs olundu