“80-90 min manat borcu olanlara dəymirlər, kasıbın, fağırın belini qırırlar”

Elnur İsmayılov, Foto: Meydan TV

Salyan sakini qazpulu ucbatından məhsulunun məhv olacağını deyir

“İstixananın qazını kəsiblər, 1700 manat borca görə 20 min manatlıq məhsulum zay olmaq üzrədir. Məcburiyyət qarşısında özüm kəsdikləri xətti sayğaca birləşdirmişəm. Borc 2500 manat idi, hissə-hissə ödəyirəm, özləri də görürlər ki, borcu ödəməkdən boyun qaçırmıram, hətta o yerə çatıb ki, ordan-burdan sələmə pul götürüb ödəyirəm. Bununla belə, yenə də hər gün gəlib hədələyirlər ki, sayğacı yerli-dibli çıxarıb aparacağıq. Məni əməlli-başlı gərginlikdə saxlayırlar. Az qalır ki, ürəyim dayansın”.

Salyanın Yolüstü kənd sakini Elnur İsmayılov həyətyanı sahəsində pomidor təsərrüfatı yaradıb. İllərdir ki, həyətyanı sahədən topladığı məhsulu sataraq ailəsini dolandırır. Dekabrın son günlərində yer qaz idarəsi istixanaya görə yığılan 1700 manat borc üzündən qaz xəttini ayırıb.

“Gəlib qaz xəttini sayğacdan ayırdılar”

Elnur İsmayılov deyir, qaz idarəsinin rəhbərliyinin bu hərəkəti onu növbəti dəfə zərərə doğru aparır:

“İki qardaşıq, ailəmiz 9 nəfərdən ibarətdir. Pomidordan əldə etdiyimiz gəlirlə dolanırıq. Bir sözlə, gözümüzü o istixanaya dikmişik ki, məhsul yetişdirib sataq, çörəkpulu edək. Ötən il əkdik, alınmadı, gəlirimiz olmadı, zərərə düşdük, qazın pulunu ödəyə bilmədik. Qaza 2500 manat borc yığılmışdı, 500 manat düzəldib ödədik, qaz idarəsinin işçiləri tələb etdilər ki, borcu tam ödəyək, məcbur olduq ki, 300 manat da sələmə pul götürüb ödəyək. Beləcə, borcu 1700 manata endirdik. Bu il yenə pomidor şitili əkdik, əvvəldən də qaz idarəsinin rəhbərliyinə bildirmişdik ki, məhsulu götürək, sataq, borcu qəpiyinə qədər ödəyəcəyik. Ancaq şitili əkəndən sonra gəlib istixanaya gedən qaz xəttini sayğacdan ayırdılar”.

“İstilik olmasa məhsulsuz, qazancsız qalacağıq”

Elnur İsmayılovun sözlərinə görə, qaz xəttinin ayrılması onun azı 20 min manat zərərə düşməsi deməkdir:

“Qaz idarəsinin rəhbərliyinə bildirirəm ki, kasıb ailəyik, ahıl yaşında olan anamın pensiyasına göz dikməli deyilik ki… Başqa iş, qazanc yerimiz də yoxdur. Hökumətdən istəyirik, imkan versin, zəhmətimizlə, əziyyətimizlə özümüzə qurduğumuz kiçik bir qazanc yerimizi vurub dağıtmasınlar. İmkan verin, məhsul yetişsin, sataq, borcumuzu ödəyək. Pomidor bir gün susuz qalsa, məhv olacaq. O qədər məhsul da, qazanc da əldən çıxacaq”.

Hər gün əsəb, gərginlik, həyəcan…

Elnur İsmayılov özü qaz xəttini sayğaca birləşdirmək məcburiyyətində qalıb:

“Hər gün gəlirlər ki, pulu bu dəqiqə və tam şəkildə ödəməsən, sayğacı yerli-dibli çıxarıb özümüzlə aparacağıq. Hər dəfə qaz idarəsinin işçiləri qapıya gələndə ailəlikcə gərginlik, həyəcan, əsəb keçiririk. Çünki dediyim kimi, 9 nəfərlik bir ailənin dolanışığı o istixanadan çıxır. Qaz kəsilsə, məhsul zay olacaq, məhsul zay olsa, ac qalacağıq”.

“Kimin arxası güclüdürsə, o qapıya getmirlər”

Kəndlinin sözlərinə görə, ərazidə xeyli obyekt var ki, illərlə qazpulu ödəmir, ancaq həmin obyektlərin qazı kəsilmir:

“Baxırlar, kimin arxası, adamı yoxdursa, onun qapısına gedirlər. Burda obyektlər var ki, qaza, işığa 80-90 min manat borcu var, ancaq nə qaz idarəsi, nə də işıq idarəsi yaxın gəlmir. Çünki deyirlər, filankəsin obyektidir. Ancaq harda kasıb, fağır görürlər, qonurlar başına… Son ümid yeri olan əkin sahəsini susuz, istiliksiz qoyurlar ki, qoy bu fağır, kasıb yerli-dibli məhv olsun”.

Salyan Regional Qaz istismarı Sahəsindən Meydan TV-yə bildirilib ki, Yolüstü kənd sakini Elnur İsmayılova qaz israfına görə toplanmış borcun ödənilməsi üçün xəbərdarlıq olunub:

“Bu, təkcə ona aid deyil, bütün fermerlərə xəbərdarlıq olunub. Bu məsələdə ayrı-seçkilik yoxdur, hər bir abonent işlətdiyi qazın pulunu ödəməlidir. Hissə-hissə də olsa ödəniş etsin, ona heç kim bir söz demir”.

Ana səhifəBölgə“80-90 min manat borcu olanlara dəymirlər, kasıbın, fağırın belini qırırlar”