“Bu bəhanə ilə körpələrin pulunu kəsmək hara sığar?! İnanın ki, zülm çəkirəm, bezmişəm…”
Şirvanda 8 uşaq atası Vitali Batişev ünvanlı sosial yardımla bağlı müraciətinə rədd cavabı alıb. Dövlət Sosial Müdafiə Fondundan noyabrın 21-də gələn cavabdan belə aydın olub ki, ailə gəlirlərilə bağlı dəqiq məlumat vermədiyinə görə onlara sosial yardım düşmür.
“Oğlum 5 aydır əsgərlikdədir, deyirlər ki…”
Vitali Batişev Meydan TV-yə danışır ki, uşaqlarının ən kiçiyi 2 aylıqdır, ən böyüyü isə hərbi xidmətdədir.
“Hərbi xidmətdə olan oğlum ali məktəbi bitirəndən sonra əsgər gedib. Beş aydır hərbi xidmətdədir. İmtinaya səbəb onu göstəriblər ki, guya mən oğlumun tələbə təqaüdü aldığını sənədlərdə göstərməmişəm. “Sosial”dan komissiya ev şəraitimizi yoxlamağa gəlmişdi, çəkiliş apardılar. Orada mən hamısını, tələbə təqaüdü aldığını da demişəm. İndi yalan bəhanə gətirirlər. Oğlum 5 aydır əsgərlikdədir. Axırıncı dəfə səhv eləmirəmsə, mayda – imtahanlar vaxtı verilib. Bu bəhanə ilə körpə uşaqların pulunu kəsmək hara sığar?”, – Şirvan sakini bildirib.
Ünvanlı sosial yardımla bağlı müraciətə müsbət cavab gəlsə belə, müddət 1 illik olur. Növbəti dövr üçün yenidən sənədlər toplanmalı və müraciət olunmalıdır. Vitali Batişev deyir ki, hər dəfə buna bənzər problemlərlə üzləşirlər:
“Bir dəfə ailəmi “öldürmüşdülər”. Cavab gəlmişdi ki, guya mənim ailə üzvlərim vəfat edib. Məsələyə prokurorluq qarışdı. Ondan sonra problemi həll elədilər. Adamları süründürürlər. Dünən icra başçısının qəbulunda oldum. Dedi ki, sosial yardım məsələsi bizlik deyil. Sonra “sobez”ə getdim. Orada da dedilər ki, araşdırılacaq məsələ...”.
“Ərzağa görə nə qədər borcum var”
Vitali Batişev Şirvanda Mənzil Təsərrüfatı İdarəsində işləyir. Deyir ki, maaşı cəmi 340 manatdır və bu pulla 8 uşağı dolandırmaq mümkün deyil. Onun sözlərinə görə, ərzaq mağazalarına, banka xeyli borcu var:
“İnanın ki, zülm çəkirəm, bezmişəm, belə yaşayış olar?! Uşaqlar məktəbə ancaq köhnə pal-paltarla gedir. Uşaq anadan olanda südpulu verilir. Ən kiçik uşağa görə südpulunu da verməyiblər. Uşaqlardan üçü xəstədir, iynə-dərmana pul tapa bilmirəm. Bu uşaqların boğazından niyə kəsirlər? Ərzağa nə qədər borcum var…”.
Şirvan sakini hesab edir ki, süründürməçiliyin məqsədi ünvanlı sosial yardımı verməməkdir. Ona görə də minlərlə ehtiyaclı ailələrə müxtəlif bəhanələrlə imtina cavabı verilir.
“Uşaqpulu versinlər, bunların da bəhanəsi qalmasın”
“Cənab prezidentə, Mehriban xanıma da bir neçə dəfə müraciət eləmişəm. Çatdırmaq istəmişəm ki, bizi süründürür bu məmurlar, şikayətimizə baxmırlar. Əgər uşaqların qayğısına qalırlarsa, onda elə uşaqpulu versinlər, bunların da əllərində pulu kəsmək üçün bəhanələr qalmasın…”.
Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, aztəminatlı ailələrə yardımların verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş meyarlar var. Həmin meyarlara uyğun olan bütün ailələrə ünvanlı sosial yardım verilir.
Vitali Batişevə gəlincə, onun şikayətinin araşdırıldığı, problemin həlli istiqamətində işlər görüldüyü vurğulanıb.