8 nəfərin həbs olunduğu, 2 nəfərin şərti azadlıqda olduğu “Toplum TV işi”ndən bir il keçir

Kollaj: Toplum TV

Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdi

Bu gün Azərbaycan hökumətinin başlatdığı  “Toplum TV işi”ndən 1 il keçir.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.

“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov isə yanvarın 17-də həbs edilib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.

Bunlardan başqa, “Toplum TV işi” ResPlatformanın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan bir avtomobilin və ittihamın əhatə etdiyi dövrdən əvvəl tikilmiş evinin, qurucu heyət üzvü Ruslan İzzətlinin, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin, İDİ-nin əməkdaşı Əli Zeynalın şəxsi avtomobilləri üzərinə həbs qoyulub.

Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.

2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.

Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.

Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəSiyasət8 nəfərin həbs olunduğu, 2 nəfərin şərti azadlıqda olduğu “Toplum TV işi”ndən bir il keçir