78 yaşlı Quba sakini: Ev su ilə dolur, ayaqlarımız tutulub

“İlham Əliyevə yazdığım məktublar Qubanın İcra Hakimiyyətinə gəlir, ordan da bir mənə parça kağız gəlir ki, sənin prezidentə yazdığın məktub bizə gəlib”.

Source: Foto: Meydan TV


Mirvari Mehrəliyeva: “Quba İcra Hakimiyyətindən deyirlər ki, hara istəyirsən yaz”

“Çarpayımın ətrafına, otaqların hər küncünə vedrələr düzmüşəm ki, yağış yağanda otaqlar suyla dolmasın. Bu dəqiqə yağış yağır, yorğan-döşəyim, pal-paltarım suyun içindədir. İllərdir ki, xəstə qızımla bu vəziyyətdə yaşayıram. Hara müraciət edirəmsə, deyirlər, sənin evini təmir etməyə dövlətin imkanı yoxdur. Mənimsə pensiyam heç dərmanlarıma çatmır, indi necə olsun, mən bu zillətin içində necə yaşayım?”

Qubanın Gədik kənd sakini Mirvari Mehrəliyevanın 78 yaşı var. O, xəstəlikdən əziyyət çəkən qızı ilə birlikdə qəzalı evdə yaşayır. Mirvari xanım Meydan TV-yə danışır ki, yaşadıqları ev 1936-cı ildə tikilib və istismar müddətini çoxdan başa vurub. Ancaq imkansızlıqdan evin dağılan hissələrini bərpa edə bilməyib. Nəticədə həm qızı, həm də özü xəstəlik tapıb.


“Otaqlara vedrə, ləyən düzürük”

“Gözlərimiz görmür, nəmişlikdən ayaqlarımız da tutulub, ciyərlərimiz, böyrəklərimiz sıradan çıxıb. Dam örtüyü dağılıb deyə, yağış evin içinə yağır. Yayda isə tavandakı deşiklərdən evə ilan girir. Bilmirik ki, özümüzü necə qoruyaq. Başqa nə deyim, hər şey göz qabağındadır. Yağış yağır, otaqları su basır. Ona görə də vedrələr, ləyənlər düzürük”, – şikayətçi danışır.

reg_quba_gedik_ev_1.jpg
“Yağış, külək bərkiyəndə qorxuruq ki, ev başımıza dağılar”


“Deyirlər, əlin hara çatır, yaz, onsuz da düzəlməyəcək”

Mirvari xanım problemi hər yerə yazıb, hətta prezidentə də… O, ölkə başçısına yazdığı məktublarda evinin təmiri üçün aidiyyəti qurumlara tapşırıq verməsini xahiş edib. Ancaq müsbət cavab alımayıb:

“İlham Əliyevə yazdığım məktublar Qubanın İcra Hakimiyyətinə gəlir, ordan da bir mənə parça kağız gəlir ki, sənin prezidentə yazdığın məktub bizə gəlib. Vəssalam… Bu cümlədən başqa ortada heç nə yoxdur. Əgər bu məktub icra hakimiyyətinə göndərilibsə, deməli, tədbir görülməsi üçün göndərilib, ancaq görünür, bunlar Prezident Administrasiyasını da saymırlar. İcra hakimiyyətinə gedəndə deyirlər, əlin hara çatır, yaz. Prezident Administrasiyasından yüz belə məktub gəlsə də, xeyri yoxdur. Çünki sənin evini təmir etmək bizim vəzifəmizə daxil deyil”.

Mirvari Mehrəliyeva kənd bələdiyyəsinə də müraciət edib. Bələdiyyədən ona bildirilib ki, evin təmiri üçün bələdiyyə fondunda pul yoxdur.


“Getməyə başqa yerimiz yoxdur”

Mirvari Mehrəliyeva qorxur ki, bir gün qəzalı ev tamamilə çökər, qızı ilə daş-kəsəyin altında qalar. Ancaq köç etməyə başqa yeri də yoxdur. Ona görə də gecələri yuxusuz qalır:

“Səhərə qədər nə mən, nə də qızım yata bilirik. Səlsəkə içində oluruq. Yağış, külək bərkiyəndə qorxuruq ki, ev başımıza dağılar. Bir evin ki daşları hissə-hissə qopub düşür, o evin içində necə rahat yaşayaq?

Quba Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Mirvari Mehrəliyevanın evinin təmir-bərpa etməyə qurumun imkanı yoxdur: “Qadın hər yerə yazır, ancaq belə işlər üçün dövlət büdcəsindən bizə maliyyə ayrılmır. Başqa mənzillə təmin etmək də mümkün deyil, çünki mənzil fondu yoxdur. Bunu həmin ailəyə dəfələrlə bildirmişik. Mirvari Mehrəliyeva tənha deyil, övladları var, yığışıb ananın evini təmir edə bilərlər. Hər şeyi dövlətin üstünə də atmaq olmaz. Belə anlaşılır ki, əsas problem dam örtüyündədir, kənd bələdiyyəsinə müraciət etsinlər, bələdiyyədən material verilsin, evlərinin dam örtüyünü təmir etsinlər”.

Qurumdan bildirilib ki, 78 yaşlı Mirvari Mehrəliyevaya şifer və sair materialların verilməsi üçün onlar da öz tərəflərindən kənd bələdiyyəsinə məktub göndərəcəklər.

reg_quba_gedik_senedler.jpg
“İlham Əliyevə yazdığım məktublar Qubanın İcra Hakimiyyətinə gəlir, ordan da bir mənə parça kağız gəlir ki, sənin prezidentə yazdığın məktub bizə gəlib”
Ana səhifəBölgə78 yaşlı Quba sakini: Ev su ilə dolur, ayaqlarımız tutulub