”700 yaşlı Şaxəndan türbəsi baxımsız durumdadır”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağızadə Meydan TV-yə bildirib ki, Nəsimi ili ilə əlaqədar olaraq Şaxəndan türbəsində təmir-bərpa işləri görüləcək.

Source: meydan tv

Rafael Tağızadə: ''Nəsimi ili ilə əlaqədar olaraq türbədə təmir-bərpa işləri görüləcək''

“Bu qəbristanlığın yeddi yüz yaşı var. İmadəddin Nəsiminin qardaşı Şaxəndanın məzarı da buradadır. Təəssüf ki, Şaxəndanın qəbri və türbəsi baxımsız vəziyyətdədir”.

Bu sözləri Meydan TV-yə Şamaxı şəhər sakini Anar Vəliyev deyir. Onun sözlərinə görə, şair Seyid Əzim Şirvaninin də dəfn olunduğu Şaxəndan qəbristanlığı hazırda baxımsız durumdadır:

“Əsas da Şaxəndan türbəsi, acınacaqlı vəziyyətdədir. Burada Azərbaycanın görkəmli şəxsiyyətləri dəfn olunub. Qəbristanlıqda on dördüncü əsrə aid məzar daşları var. Görkəmli ailələrə mənsub olduğu danılmazdır. Amma hamısı baxımsızlıqdan itib-batır, torpağa qarışır. Şaxəndan İmadəddin Nəsimi ilə birlikdə Şamaxıda poeziya və musiqi həvəskarları üçün “Məclis-əş-şüara” qurmuşdu. Nəsimi sufiliyin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Şamaxını tərk etdikdən sonra məclisi qardaşı Şaxəndan idarə edirdi. Şaxəndan on dördüncü əsrin sonlarında cavan yaşlarında vəfat edib. Şaxəndan türbəsi Şamaxı şəhərinin ən müqəddəs yerlərindən biri sayılır. Hazırda bura çoxlu sayda turist axını var. Lakin özünüz də görürsünüz ki, istər türbə, istərsə də qəbir daşı acınacaqlı vəziyyətdədir”.

_mg_8164.jpg
türbənin içi

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağızadə Meydan TV-yə bildirib ki, Nəsimi ili ilə əlaqədar olaraq Şaxəndan türbəsində təmir-bərpa işləri görüləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə Meydan TV əməkdaşına “Mədəniyyət Nazirliyinin dövlət xidməti olaraq bizim planda yoxdur. Amma Heydər Əliyev Fondu tərəfindən həmin türbənin və məzarın təmiri nəzərdə tutulub”,- deyə bildirilib.

Ana səhifəBölgə”700 yaşlı Şaxəndan türbəsi baxımsız durumdadır”