70 tibb müəssisəsi publik şəxsə çevriləcək

Nazim Bəydəmirli: ”İcbari tibbi sığortanın tətbiqi ”məmur sahibkarlığı”nın layihəsi olaraq həyata keçirilir”

Source:

İcbari tibbi sığortanı həyata keçirən tibb müəssisələri publik şəxsə çevriləcək.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini deyib ki, proses mərhələli şəkildə həyata keçiriləcək.

“Layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir. Həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları  açılmalıdır”.

E.Ağayev deyib ki, artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq.

2016-cı ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Nazir müavininin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli hesab edir ki, dövlət mülkiyyətində olan müəssisələr ancaq rəqabəti məhdudlaşdırmaqla məşğuldurlar:

“Bu, təhsilə də aiddir. Həmin müəssisələr dövlətin resurslarından istifadə edərək, özəl sektora qarşı qara piar aparırlar. Vaxtilə təhsil müəssisələrinin rəhbərləri müxtəlif yollarla dövlət qurumlarına təsir edirdilər ki, məsələn, özəl sektor hüquq təhsili ilə məşğul olmasın. Guya özəl sektora bitirmiş tələbələr işə qəbul olunmayacaq. O cümlədən, səhiyyə ilə bağlı həmin tendensiya gedib. Əsas xətt o idi ki, özəl sektor pullu, dövlət xəstəxanası isə pulsuzdur. Ancaq tibbi xidmətin pullu olduğunu bütün Azərbaycan vətəndaşları bilir. Xəstəxanalar dövlət hesabına təmir olunur, eyni zamanda, ödənişli xidmətdən də vergi ödəmirlər. Belə şəraitdə vergi ödəyən, lisenziya alıb riskə girən özəl sektor nə cür rəqabət apara bilər? Ona görə dövlət xəstəxanalarında bütün xidmətlər pulsuz olmalıdır”.

N.Bəydəmirli deyir ki, necə ildir işçilərini tibbi sığorta etdirən SOCAR və ona oxsar şirkətlər həmin işçilərin ancaq müəyyən sığorta şirkəti vasitəsilə sığortalayır: “Həmin sığorta şirkətləri də işçilərin ancaq əvvəlcədən müəyyən edilmiş özəl xəstəxanaların xidmətindən yararlana biləcəklərini imperativ şəkildə müəyyən edirlər. Yəni hər hansı bir oliqarxa məxsus olmayan klinikalar bu siyahıda yer almırlar, beləliklə, icbari tibbi sığortanın tətbiqi də yenə “məmur sahibkarlığı”nın layihəsi olaraq həyata keçirilir”.

Nazim Bəydəmirli

N.Bəydəmirli bildirir ki, əgər hökumət ödənişli xidmətə qərar verirsə, o zaman özəlləşdirməyə start verməli və dövlət büdcəsindən onun saxlanılmasına xərc ayrılmamalıdır:

“Adi bir misal, dövlət universitetlərində tələbələrin 80 faizi öz hesablarına oxuyurlar, amma müəssisəyə dövlət büdcə ayırır. Məqsədli, yaxud düşünülmədən rəqabətin qarşısı alınır. Ona görə də Azərbaycan univertsitetlərinin heç biri beynəlxalq reytinqlərdə yüksək nəticə qazanmır. Eyni zamanda, sadə vətəndaşlar müalicəyə İrana, Gürcüstana və Türkiyəyə, imkanı olan məmurlar da Qərbi Avropaya gedir”.

Nazim Bəydəmirlinin qənaətincə, vəziyyətin dəyişməsi üçün bu tipli inhisarçılıq və hökumətin yaratdığı ikili standart iqtisadi siyasət aradan qaldırılmalıdır. Əks təqdirdə, rəqabət olmayacaq və səviyyəli xidmət də yaranmayacaq.

Ana səhifəXəbərlər70 tibb müəssisəsi publik şəxsə çevriləcək