Qəhrəman Məmmədova qarşı açılmış cinayət işini DTX araşdırır
Bir neçə gün əvvəl İstanbulda 70 kiloqram qızılla tutulduğu iddia olunan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov Bakıya gətirilərək barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.2, 206.3.3 (Azərbaycandan kənarda törədilməklə, bir qrup şəxs tərəfindən və qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb.
Onun işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılır. DTX müstəntiqinin vəsatəti və prokurorun təqdimatı ilə noyabrın 25-də axşam saat 20.00 radələrində Bakı Hərbi Məhkəməsində Qəhrəman Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılıb.
Təqsirləndirilən hərbi attaşe təqdimata etiraz edib, təmin olunmamasını istəyib.
Hakim Camal Ramazanov təqdimatı təmin edərək, istintaq getdiyi müddətdə onun həbsdə qalmasına qərar verib.
Polkovnik leytenant Qəhrəman Şamil oğlu Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Daha sonra Səudiyyə Ərəbistanına göndərilib. O, hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyində işləyib.
Qəhrəman Məmmədovun diplomatik toxunulmazlıq hüququndan istifadə edərək, qızılı sərhəd keçidlərində yoxlanışdan kənar daşıdığı iddia edilir.
İstanbulda noyabrın 22-də Sarıyer adlanan ərazidəki alış-veriş mərkəzinin qarşısında taksidə saxlanılan Qəhrəman Məmmədovun üzərindən 70 kiloqram qızıl aşkarlandığı iddia edilir.