Bakı şəhər İcra Hakimiyyəti valideynlərə sosial şəbəkələrdə kampaniya aparmağı məsləhət görüb
İyunun 13-də əlilliyi olan bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirdi. Ümumi əlillərə verilən müavinətin azlığı, əlillərin işlə təminatında kvatanın yerinə yetirilməməsi və digər problemlərlə bağlı nazir Səlim Müslümovla görüş oldu. Təkliflərə baxılacağı vəd olundu. Aksiyada əlilliyi olan uşaqların da problemləri səsləndirildi. Nazirlə görüşdən bir aydan artıq vaxt keçib. Amma əlilliyi olan şəxslər deyir ki, problemlərin həlli istiqamətində hansısa addımlar atılmayıb.
İmzatoplama kampaniyası üçün icazə istənildi
Rəsmi statistikaya görə, ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 62 min 866 nəfərdir. Bu uşaqlara ödənilən sosial müavinətlərin məbləği 67 manatdır. Valideynləri deyir ki, əlilliyi olan uşaqların təhsil və sağlamlıq hüquqları tam qorunmur.
Azad İstehlakçılar Birliyinin nəzdindəki Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyası, “Əl-ələ valideyn təşkilatı” İctimai Birliyi və bir qrup valideyn əlilliyi olan uşaqların problemlərinə diqqət cəlb etmək üçün şəhərin mərkəzində imzatoplama aksiyası keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Şəhər rəhbərliyi isə cavab məktubunda imzaların sosial şəbəkələrdə toplanmasını tövsiyə edib.
Əlil uşağın olduğu ailədə digər sosial problem ailənin dağılması problemi yaranır
Komisiyanın sədri, II qrup Qarabağ əlili Əhməd Rəhmanov deyir ki, əlillərin problem və təkliflərlə bağlı ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Onun sözlərinə görə, öhdəsində autizmdən əziyyət çəkən övladı var:
“67 manat əlilliyi olan uşaqların hətta sağlam qida rasionu ilə təmin edilməsinə yetmir. Nəzərə alsaq ki, ölkəmizdə əlilliyi olan insanlar ictimai nəqliyyatın heç bir növündən istifadə edə bilmir, o zaman həmin uşaqların vaxtaşırı olaraq valideynləri tərərfindən tibb ocaqlarına və reabilitasiya mərkəzlərinə taksi ilə aparılıb-gətirilməsi zərurəti yaranır. Əlbəttə ki, buna hər bir ailənin gücü yetmir. Çünki əlil uşağın olduğu ailədə digər sosial problem ailənin dağılması problemi yaranır. Belə ki, qazancını daimi olaraq xəstə övladının müalicəsinə xərcləyən və gözlə görünən nəticə əldə etməyən ailə başçısı əksər hallarda ailəni tərk edir. Bu halda ana əlil uşağına təkbaşına baxmalı olur. Lakin uşağına baxdığına görə işləyərək qazanc əldə etmək imkanından məhrum olan ana sözün əsl mənasında başqalarından, əsasən də qohumlarından asılı vəziyyətə düşür. Bir çoxu bu vəziyyətə dözmür və uşaqlarını xüsusi müəssisələrə təhvil verməkdən başqa çarə görmür. Belə müəssisələrdə heyətin cüzi maaş almasını nəzərə alsaq, həmin uşaqların orada hansı münasibətlə üzləşdiklərini təsəvvür etmək çətin deyil”.
Autizmli uşaqların reabilitasiyası ilə əsasən qeyri-peşəkarlar məşğul olur
Ə.Rəhmanov qeyd edir ki, autizmli uşaqların müalicəsi üçün yetərli mütəxəssis yoxdur:
“Hazırda ölkədə 5 mindən çox autizmli uşaq var. Autizmli uşaqların reabilitasiyası ilə əsasən qeyri-peşəkarlar məşğul olur. 3 aylıq kurs keçənlər psixoloq kimi işləyirlər. Məsələn, Ukraynada autism tipli uşaqların müalicəsinə dövlət ayda 2 min dollar ayırır. Azərbaycanda isə bir seans 25-35 manata başa gəlir. Bunu həftəyə, aya, ilə vuranda onminlərlə manat olur. Bu isə ailələrdə ciddi maliyyə böhranına səbəb olur”. Ə.Rəhmanov deyir ki, buna görə də müraciətdə Azərbaycanın ali təhsil ocaqlarında autizm və bu tip ünsiyyət problemli uşaqların tədrisində vacib olan ABA sistemli pedaqoqların hazırlanması ücün tədbirlər planı hazırlansını təklif edilib. Həmçinin autizm xəstələr ücün qluteinsiz qidaların ölkəyə gətirilməsi və autizm sindiromlu uşaqlara bu qidalar həkim göndərişilə də olsa, güzəstli qiymətlərlə satılması təklif olunub.
Əlilliyi olan uşaqların təhsilsizlik dərdi
Əlilliyi olan uşaqların təhsil alması da problemdir, xüsusilə bölgələrdə ixtisaslaşmış məktəblərin sayı azdır. Şəmkir sakini Aygün Məmmədova deyir ki, öhdəsində iki əlil usağı var. Onlardan biri autizmli, digəri serebral ifliclidir. Uşaqları ixtisaslaşmış mütəxəssis yanına aparmaq üçün Bakıya köçmək məcburiyyətində qalıb. Hazırda kirayədə yaşayır:
“Şəmkirdə nəinki mütəxəssis, heç bu uşaqlarla işləyən müəllim yoxdu. Ona görə də neçə ildir kirayədə yaşamaq məcburiyyətindəyik”.
Azərbaycanın öhdəliyi
Azərbaycan əlilliyi olan insanların hüquqları haqqında Konvensiyaya qoşulub və öhdəlik götürüb. Konvensiyanın 7-ci maddəsinə görə, iştirakçı dövlətlər əlil uşaqların digər uşaqlarla bərabər səviyyədə bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin etməlidir.
Konvensiyada iştirakçı dövlətlər təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlillərin hüquqlarına hörmət edilməsinin, tərbiyə olunmasının öhdəliyini götürüb.
Sənədin 16 –cı maddəsində iştirakçı dövlətlər əlillərə münasibətdə istismar, zorakılıq və təhqir hallarının aşkar olunması, təhqiqatı və lazımi hallarda təqibinin təmin edilməsi üçün səmərəli qanunvericilik və strategiyalar, o cümlədən qadın və uşaqlarla bağlı qanunvericilik və strategiyalar qəbul edirlər. Əlillər, əlillik səbəbinə görə təhsildən, əlil uşaqlar isə pulsuz ibtidai və orta təhsildən kənarlaşdırılmamalıdırlar.
Problemlərdən biri də peşə reabilitasiya mərkəzlərində yaş həddidir. Əlilliyi olan uşaqlar bu yaş həddinə görə peşə təlimlərində iştirak edə bilmirlər. Təşkilatlar yaş həddinin götürülməsini istəyir. Bundan əlavə, əlilliyi olanlar üçün ictimai tualetlərin yoxluğu da problem kimi qaldırılıb. Əlil arabalarının sərbəst hərəkətinə imkan verən tualetlərin tikilməsi təklif olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə deyiblər ki, əlilliyi olanların problemləri bəllidir, təkliflərə baxılır.