”Mehman Əliyevə Azadlıq Komitəsi”nin toplantısı keçirilib
Avqustun 31-də “Siyasi Məhbuslarsız Azərbaycan” qurumunun təşkilatçılığı ilə “Mehman Əliyevə Azadlıq Komitəsi”nin toplantısı keçirilib.
İclasda “Turan” İnformasiya Agentliyinin baş direktoru M.Əliyevin həbsinin səbəbləri, həbsin nə dərəcədə qanunauyğun olması və müdafiə üsulları müzakirə edilib.
Vergilər Nazirliyinin vergidən yayınma ilə bağlı sənədlərini təhlil edən iqtisadçı Qubad İbadoğlu M. Əliyevin həbsini əsassız adlandırıb.
“60 min manat mənfəət vergisindən yayınma məsələsi də şübhəlidir. 148 min manata 60 min manat mənfəət vergisi hesablanması düzgün deyil. Bu, 20 faizlə hesablanır, özü də bütün ödənişlərdən sonra”.
M.Əliyevə qanunsuz sahibkarlıq ittihamına gəlincə, Q.İbadoğlu deyib ki, qanunsuz sahibkarlıq ancaq müəssisə qeydiyyatda olmadığı halda mümkündür:
“Halbuki “Turan” MMC olaraq qeydiyyatdan keçib və burada qanunsuzluqdan danışmağın yeri yoxdur”.
M.Əliyevin həbsinin əsl səbəbinə gəlincə, iştirakçılar bildiriblər ki, həbs siyasi sifarişlədir:
“Həbs əsassız, ittihamlar quramadır. M.Əliyevə qarşı irəli sürülən ittihamlar onun həbsinə əsas vermir. Hətta bu istintaqın həbs-qətimkan tədbiri olmadan da aparılması mümkündür”.
Müəlliflər son olaraq yerli və beynəlxalq ictimaiyyəti M.Əliyevin həbsdən azad olunması üçün əlindən gələni əsirgəməməyə çağırırlar.
Avqustun 25-də Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı açıqlama yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
““Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib” – məlumatda bildirilir.
M.Əliyev avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyir, bunu azad sözə qarşı atılmış addım kimi dəyərləndirirlər.