6 NATO ölkəsi Danimarkanın çağırışına qoşuldu: “Qrenlandiya onun xalqına məxsusdur”

Foto: Reuters

NATO ölkəri olan Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya birgə bəyanat yayıb. Bəyanatda ABŞ-də Qrenlandiyanın Amerika tərəfindən ələ keçirilməsi ilə bağlı yenidən səslənən çağırışlardan sonra “suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına” hörmət edilməsinin vacibliyi vurğulanıb.

Liderlər bildiriblər ki, “Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiya ilə bağlı məsələlərə yalnız Danimarka və Qrenlandiya qərar verə bilər.”

Bəyanatda Arktika təhlükəsizliyinin Avropa üçün əsas prioritetlərdən biri olduğu qeyd olunub. Həmçinin Avropa müttəfiqlərinin regionun təhlükəsizliyini təmin etmək üçün Arktikada mövcudluqlarını, fəaliyyətlərini və investisiyalarını artırdıqları vurğulanıb.

“Arktikada təhlükəsizlik NATO müttəfiqləri, o cümlədən ABŞ ilə birlikdə, BMT Nizamnaməsinin prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında təmin edilməlidir. Bunlar universal prinsiplərdir və biz onları müdafiə etməkdən vaz keçməyəcəyik”, – deyə liderlər bildiriblər.

Bəyanatda ABŞ-nin həm NATO müttəfiqi kimi, həm də 1951-ci il Danimarka Krallığı–ABŞ müdafiə sazişi çərçivəsində bu prosesdə “əsas tərəfdaş” olduğu da qeyd edilib.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək istədiyini açıqlayıb və bu məqsədlə hərbi gücdən istifadə ehtimalını istisna etməyib.

Venesuelada ABŞ hərbi əməliyyatı nəticəsində Prezident Nikolas Maduronun ələ keçirilməsindən bir gün sonra Tramp bazar günü Qrenlandiyanın ABŞ üçün təhlükəsizlik maraqları baxımından ələ keçirilməsinin vacib olduğunu yenidən bəyan edib.

Danimarkanın baş naziri Mette Frederiksen Trampa müraciət edərək, onu “təhdidlərə son qoymağa” çağırıb.

Bazar ertəsi bir sıra Avropa ölkələri və Avropa İttifaqı Danimarka və Qrenlandiyaya açıq dəstək ifadə edərək, adanın gələcəyinin kənar güclər tərəfindən müəyyən edilə bilməyəcəyini və suverenliklə ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıblar.

Ana səhifəDünya6 NATO ölkəsi Danimarkanın çağırışına qoşuldu: “Qrenlandiya onun xalqına məxsusdur”