6 ildə ”Azərbaycan Uşaq Qaynar Xətt”-nə 18 min uşaq müraciət edib

Şikayət edənlər arasında qızlar oğlanlardan çoxdur

Source:


Şikayət edənlər arasında qızlar oğlanlardan çoxdur

Ötən 6 ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət edənlərin 987-si zorakılığa məruz qaldığını deyib.

“Report” bu barədə məlumatı “Azercell Telecom”-a istinadən yayıb. 6 illik hesabatını açıqlayan xidmət bildirir ki, “Qaynar xətt”ə ümumilikdə 18 140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi, 3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlıdır.

Bu müraciətlərdən 12 045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il ərzində “Uşaq Qaynar Xətt”inə 3516 zəng daxil olub.

6 ildə 11 uşaq cinsi zorakılığa qaldığını deyib

Xidmət müraciətlərə əsaslanaraq zorakılıq qurbanı olan uşaqları təsnifatlaşdırıb:

Psixoloji zorakılığa məruz qalmış uşaq və gənclər – 486 nəfər, fiziki zorakılığa məruz qalmış uşaq və gənclər – 30, cinsi zorakılığa məruz qalmış uşaq və gənclər – 11, etinasızlığa məruz qalmış uşaq və gənclər – 460 nəfər təşkil edib.

Zorakılıqla bağlı “Qaynar Xətt”ə müraciət edənlərin 571 nəfəri qız, 416 nəfəri isə oğlan olub.

2 ildə 926 uşaq şikayət edib

Hesabata görə, 2014-cü ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin tərkibində yaranan “Gəncə Regional Uşaq Qaynar Xətt” xidmətindən 2 il ərzində 926 uşaq yararlanıb ki, onun da 353-ü 2016-cı ilin payına düşür.

“Uşaq Qaynar Xətt”in əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir.

Hesabatda deyilir ki, Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli qüsurlu qaçqın və məcburi köçkün uşaqlar istifadə edirlər. Yaradılan “qaynar xətt” xidmətinə müraciət edən uşaqların anonimliyi qorunur. Bu da onların daha səmimi olmasına şərait yaradır.

“Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən edilən zənglər ödənişsizdir.

Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatı “Qaynar Xətt Xidməti”nə müraciət edə bilərlər.

“Azərbaycan Uşaq Qaynar Xətt”i 2010-cu ildə “Azercell” dəstəyi ilə yaranıb.

Ana səhifəXəbərlər6 ildə ”Azərbaycan Uşaq Qaynar Xətt”-nə 18 min uşaq müraciət edib