Elçin Qasımovun həbsinə etiraz edən şəxslər azadlıqdan məhrum edildilər
Avqustun 3-də Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev ötən il, noyabrın 5-də həbs olunmuş 6 dindara hökm oxuyub.
Meydan TV-yə bu barədə təqsirləndirilən şəxslərin ailə üzvləri məlumat verib.
“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımovun həbsinə etiraz edən dindarlar Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısına toplaşdıqları üçün saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunurlar.
Məhkəmənin qərarına əsasən, Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15gün, Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün, Əliyev Anar Yusif oğlu 5 il 11 ay, Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15gün, Əhmədov Lətif Süleyman oğlu-5 il 11 ay 20 gün, Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarına əsasən, dindarların həbs müddəti saxlanıldıqları gündən hesablanacaq.